Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun Qarabağ qaziləri ilə görüşü olub.
Görüşdə Birinici Qarabağ müharibəsində, 2016-cı ilin aprel döyüşlərində, eləcə də 2020-ci ilin 44 günlük Vətən savaşında rəşadət göstərmiş qazilər iştirak ediblər.
Görüşdə akademik Rafael Hüseynov Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda mübarizə apararaq bu yolda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini yad edərək onların millətin, xalqın yaddaşında əbədi yaşamaq haqqı qazandıqlarını bildirib. Qeyd edib ki, şəhidlər Vətən torpağının azadlığı və millətin şərəfi uğrunda canından keçən əbədi qəhrəmanlardır. Onların qanı ilə yazılan tarix xalqın yaddaşında silinməyəcək. Akademik Rafael Hüseynov Qarabağın azadlığı yolunda döyüşmüşlərin hər birinin eyni məhəbbət və sayğıya layiq olduğunu vurğulayıb.
Daha sonra Qarabağ qaziləri Vətən müharibəsindəki şərəfli döyüş yolları barədə xatirələrini bölüşüblər. Onlar müharibədən sonra keçdikləri bərpa və reabilitasiya prosesindən, psixoloji və sosial adaptasiya təcrübələrindən bəhs ediblər.
Qabil YUSİFOĞLU
XQ






