Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və həyat” elmi-populyar jurnalının 2024-cü ilə aid sonuncu sayında oxuculara bir sıra maraqlı, rəngarəng yazılar təqdim edilib.
Bu sayda AMEA-nın prezidenti akademik İsa Həbbibəylinin “Heydər Əliyevin akademiklik seçkisi və akademiyanın dövlətçilik dərsləri”, akademik İradə Hüseynova və biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin “Qədim insanların genləri: insanın təkamülü və formalaşmasının şahidləri”, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimovun “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmrəylik çağırışı COP29-u məqsədyönlü fəaliyyətə istiqamətləndirdi”, Altay Əliyev, Elgün Səmədov və Günel Məmmədovanın həmmüəllifliyi ilə “COP29-un ekosəhiyyə çağırışları: mədə xərçənginin müalicəsində “yaşıl” və dayanıqlı cərrahiyyə strategiyaları”, Aynur Mahmudun “Məhəmməd Füzulinin əsərlərində meyvələrin təsviri”, Arzu Hacıyevanın “Kəşfül-Qəraib: Abbasqulu ağa Bakıxanovun “heyrətamiz kitabı”, Zaur Əliyevin “Türkmənçay müqaviləsi, Qacar dövləti ilə Rusiya İmperiyası arasında diplomatik münasibətlər. Billur çarpayi!”, Şamil Nəcəfov və Musa Mursaquliyevin “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 4 layihəsi”, Sadıx Nəbiyevin “Bakının ilk fotoları” sərlövhəli məqalələri yer alıb.
Bundan əlavə, oxucular Kəmalə Qüdrətovanın “Azərbaycan–Özbəkistan mədəni əlaqələri”, Əzizağa Ələkbərlinin “Azərbaycan–Tacikistan ədəbi-mədəni əlaqələrinin inkişafı (XX əsrin 70-ci illəri)”, Fidan Şahmalıyevanın “Azərbaycanın ictimai-mədəni həyatında tatar ziyalılarının rolu”, Cəmil Quliyevin “Kitabi-Dədə Qorqud” eposunun azərbaycançılıq ideologiyasında yeri”, Məmməd Sadıqov və Nigar Paşayevanın “Təbii-iqtisadi ehtiyatların əhali məskunlaşmasında rolu”, Rəşid Fətəliyevin “Möhtəşəm təbiət abidəsi: Xızının rəngli dağları” sərlövhəli məqalələri, həmçinin “Meridian” və “Sağlamlıq” bölmələrində yer alan yazılarla tanış ola bilərlər.
***
Ötən il 55 yaşı tamam olan “Qobustan” sənət toplusunun isə yeni ildə ilk sayında sənət gündəmi ilə bağlı maraqlı, rəngarəng yazılarla zəngindir.
Dərgidə yer alan “Baş redaktor təqdim edir” rubrikasında Pərvin Nurəliyeva ötən il ərzində “Qobustan”ın fəaliyyətində diqqət çəkən məqamlardan söz açıb: “2024-cü il dərgimiz üçün bir neçə hadisə ilə əlamətdar oldu. Həm Yazıçılar Birliyinin 90 illiyi, həm də “Qobustan”ın 55 yaşı işıq üzü görən özəl saylarımızla xüsusi qeyd edildi. Həmçinin Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində nəşr edilmiş Türkiyə özəl sayımızın da çox simvolik mənası var. Hələ sovet dövründən Türkiyə sevdası və ümumtürk mədəniyyətini bol-bol təbliğ etməsi başda Anar ustadımız olmaqla, dərgi əməkdaşları üçün ciddi maneələr yaradırdı. İndi 55 yaşlı “Qobustan”ın Türkiyə özəl sayının işıq üzü görməsi və yubileyini Türkiyədə qeyd etməsi bizlərdən ötrü böyük sevincdir. Həmçinin bütün işlərin əsas obyektinin oxucu olduğunu da yaxşı dərk edirik. Bu mənada III Türk Dünyası Kitab və Ədəbiyyat Festivalında uğurla iştirakımız da yeni oxucular qazanmağımız, daimi oxucularla ünsiyyətimiz üçün fürsət oldu”.
Yeni layihələr və özəl saylar planlaşdıran “Qobustan”ın ötən il iki kitab əlavəsi də işıq üzü görüb. Bunlar ünlü türk alimi Əhməd Kabaklının “Azərbaycan ədəbiyyatından seçmələr” toplusu və modernist şair Furkan Çalışqanın “Mezzo Morte” şeir kitabıdır.
Dərginin qış sayında isə oxucular Akademik Teymur Kərimlinin, professor Qəzənfər Paşayevin, tarixçi-alim Həsən Həsənovun, dərginin əməkdaşları Esmira Nəzərli, Narıngül Babayeva və başqalarının maraqlı araşdırma yazıları və məqalələri ilə tanış ola bilərlər.
XQ