Hər kitab bir dünyadır

post-img

“Macal” 
Türkiyənin məşhur “Ketebe” nəşriyyatında Xalq yazıçısı Anarın “Bir fırsat bulsam” (“Macal”) adlı nəsr kitabı işıq üzü görüb.
Topluda yazıçının ”Macal”, “Otel otağı”, “Dantenin yubileyi” adlı irihəcmli əsərləri və son vaxtlarda bu povestlərin davamı kimi qələmə aldığı, qəhrəmanlarının sonrakı taleyindən bəhs edən “Kəbirlinskinin son etirafı” və “Balaca Fuadın son xahişi” hekayələri yer alıb.
Türk oxucularına yeni və daha orijinal tərcümədə təqdim olunan kitabdakı mətnləri türkiyəli yazıçı-tərcüməçi İmdat Avşar çevirib. Kitabın arxa qapağında nəşriyyatın oxuculara kiçik bir təqdimat yazısı yer alıb: “Yazıçı “böyük problemlər, kiçik sevinclər” vasitəsilə insanı və həyatı anlamaq üçün səyahətə çıxır və adi insanların qeyri-adi hekayələrini izləyib bəşəriyyətin ümumi problemlərini zərif şəkildə ifadə etməyə çalışır. Anar onların tənhalığı, var olmaq üçün axtarışlarını və məhv edilmiş dünyalarını təsvir edərkən bu qarmaqarışıq həyata bənzərsiz bir baxış təqdim edir. Azərbaycan cəmiyyətinin XX əsrdə yaşadığı böyük dəyişikliklərə ayna tutan yazıçı sovet və xüsusilə də Stalin dövründəki hadisələri mətnlərində əks etdirir. Anar Azərbaycan–Türkiyə münasibətlərinə həssaslıqla yanaşır, yaratdığı dərin tarixi arxa plana əlavə olaraq, mənəvi dəyərlərin itirilməsinə diqqət çəkir, insan ruhunun qaranlıq tərəflərinin xəritəsi yaradır”.
“Andorra sevməli və ölməli yerdir”
Xalq yazıçısı Çingiz Abdullayevin də Türkiyədə yeni kitabı işıq üzü görüb. Bu, “Andorra sevməli və ölməli yerdir” romanıdır. 
Əsərdə 8 hərbçinin öldürülməsi cırtdan dövlət olan Andorra ərazisində baş verir. "Xəyalət tuneli" povestində hadisələr La-Manşem altında tuneldə gedən qatarda məhdudlaşdırılmışdır. 
Dünyanın səkkiz ölkəsindən – Amerika, Rusiya, Fransa, Almaniya, Çin, İsrail, İran və İngiltərə kəşviyyatının peşəkar agentləri çox mühüm bir tapşırıq əsasında balaca Andorraya yıgışırlar. Əhalisinin sayı cəmi 36 min olan bu gözəl ölkənin sakit və dinc paytaxtındakı oteldə yaşayırlar. Amma Andorraya gəldikləri elə ikinci günün axşamı İngiltərə kəşfiyyatının təcrübəli agenti Mortimerin öz nömrəsində çox müəmmalı şəkildə zəhərləndiyi məlum olur. Ertəsi gün ikinci dəhşətli hadisə baş verir–Almaniya kəşfiyyatının agenti frau Şerner çarpayısında bogulmuş vəziyyətdə tapılır. Nə baş verir? Bu müəmmalı qətlləri kim törədir?
Oxucu bu sualların cavabını romanla tanışlıqdan sonra biləcək.
Zəlimxanın “Seçmə şeirlər”i
Anadan olmasının 75-ci ili qeyd olunan Xalq şairi Zəlimxan Yaqubun “Seçmə şeirlər” kitabının təqdimat mərasimi keçirilib.
Topluda şairin müxtəlif tarixlərdə müxtəlif mövzularda qələmə aldığı şeirləri yer alıb. Bu nümunələr xalq ruhunun daşıyıcısı olmaqla yanaşı, həm də dövrümüzün poetik palitrasıdır. Çağlar bulaq təsiri bağışlayan Zəlimxan poeziyası həm geniş oxucu kütləsinin sevgisini qazanıb, həm də peşəkarlar tərəfindən yüksək qiymətləndirilib. Bu səbəbdən sərhədlərimizi aşaraq təkcə türk və müsəlman coğrafiyasında deyil, dünyanın bir çox ölkələrində əks-səda doğurub. 
Kitabın buraxıldığı “Qanun” nəşriyyatında təşkil olunan mərasimdə şairin qələm dostları, tanınmış ziyalılar və media nümayəndələri iştirak ediblər. Milli Məclisin deputatları Elnarə Akimova, Ceyhun Məmmədov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək, onun klassik şeirə bağlılığı, poeziyasının üstün keyfiyyətləri haqqında danışıb, şairlə bağlı xatirələrini bölüşüblər.
Əməkdar mədəniyyət işçisi, aşıq Ədalət Dəlidağlı, qiraət ustası, Əməkdar artist Ağalar Bayramov, aktrisa Ayan Kamran şairin şerlərindən nümunələr səsləndiriblər. 

Ə.DOSTƏLİ 
XQ 





Mədəniyyət