Gürcüstan ABŞ ilə münasibətləri bərpa etməkdə maraqlıdır

post-img

Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində ABŞ-ın ali vəzifəsinin icrasına başlayan prezident Donald Trampa təbrik məktubu unvanlamışdır. O, əmin olduğunu bildirmişdir ki, Ağ evdə yeni iqtidar dönəmində Gürcüstan–ABŞ münasibətləri normal məcraya düşəcək.

Kobaxidze bundan əvvəl vurğulayıb ki, Gürcüstan ABŞ ilə münasibətləri keyfiyyətcə yeniləməyə və bu ölkə ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırdır: “Biz münasibətləri əhəmiyyətli dərəcədə bərpa etməyə, ABŞ ilə strateji münasibətləri sıfırdan yeniləməyə hazır olduğumuzu və bunu istədiyimizi bir daha təsdiqləyə bilərik. Ümid edirik ki, bu istiqamətdə mühüm uğurlarımız olacaq”.
Kobaxidze həmçinin qeyd edib ki, son 4 il bütün dünyada çətin olub və Gürcüstanda 4 inqilab cəhdi baş verib. Baş nazir Trampın hakimiyyətdə olacağı 4 ilin sakit keçəcəyinə ümid etdiyini və bunun ölkəsinə də müsbət təsir göstərəcəyini vurğulayıb: “Prezident Trampın çox iddialı planı var – bu, “dərin dövlət”in yaradılması üzərində qələbə qazanmaq planıdır. Ona uğurlar arzulayırıq. Bu işdə qələbə Gürcüstan–Amerika münasibətlərinin normallaşması üçün həlledici əhəmiyyət kəsb edəcək”.
Parlamentdə “Gürcü Arzusu” fraksiyasının sədri və partiyanın icra katibi Mamuka Mdinaradze isə Bayden administrasiyasını həm ABŞ, həm də Gürcüstan üçün ən zərərli administrasiya kimi qiymətləndirib. O bildirib ki, əgər Tramp “dərin dövlət”i məğlub edə bilsə, Gürcüstanın tərəfdaşları ilə əlaqələri bərpa etməsi və əməkdaşlığını yenidən gücləndirməsi xeyli asan olacaq. Onun fikrincə, Trampın andiçmə mərasimindəki çıxışında Gürcüstan hakimiyyətinə yaxın mövqeləri, xüsusən də yalnız 2 cinsin–kişi və qadının mövcudluğunu bəyan etməsi 2 ölkəni yaxınlaşdıra bilər: “Tramp son 3 il ərzində tənqid etdiyimiz hər şeyi dəstəklədi. Bunlara suverenlik, ölkənin ləyaqəti və yalnız 2 cinsin olması daxildir. Onun bizim önəm verdiyimiz mövzulara xüsusi diqqət yetirdiyini hamı gördü”.
Parlamentin xarici əlaqələr komitəsinin sədri Levan Maxaşvili qeyd edib ki, Tramp həm ənənəvi dəyərlərin qorunması məsələsində, həm də “dərin dövlət”ə qarşı mübarizədə “Gürcü Arzusu” ilə həmfikirdir: “Gürcüstanla ABŞ arasında münasibətlərin bərpasına ümid verən fundamental aspektlər üzrə razılaşma var. Tramp “dərin dövlətii” dağıtmaq və Amerika bürokratiyasını onun təsirindən təmizləmək qərarına gəlib. Baxışlarımızın üst-üstə düşdüyü sahələrdən biri də budur. Bu halda söhbət qeyri-rəsmi təsirdən gedir ki, bu da çox vaxt dövlət institutlarının siyasəti ilə üst-üstə düşməyə bilər. Son illər bəlli oldu ki, bəli, Gürcüstanda və digər ölkələrdə bu təsir dövlətin maraqlarına uyğun gəlmir”.
İqtidar partiyasının təbriklərinə, ABŞ ilə münasibətləri normallaşdırmaq istəyinə baxmayaraq Trampın inauqurasiya mərasimində yalnız Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili iştirak edib. Zurabişvilini mərasimə konqresmen Co Vilson dəvət edərək onu Rubio ilə tanış edib. ABŞ dövlət katibi ilə Gürcüstanın keçmiş prezidenti arasında söhbət bununla bitib, lakin sonradan Zurabişvili sosial şəbəkədə yazıb ki, o, Amerikanın yeni rəhbərliyinin Rusiya və Çin maraqlarına qarşı çıxmaqda fəal olacağına ümid edir.
Zurabişvili daha sonra bildirib ki, bu gün dünya səhnəsində ondan başqa “ölkənin səsi” ola biləcək heç kim yoxdur, lakin gələcəkdə siyasi partiya yarada bilər: “Bu gün mən indiki rolda daha faydalı olduğumu düşünürəm, çünki bu rolu yerinə yetirəcək başqa heç kim yoxdur. Əgər mən siyasi partiyanın lideri olsam, düşünmürəm ki, “ölkənin səsi” olmağa davam edə bilərəm. Bu səbəbdən indi yox, gələcəkdə partiya yarada bilərəm”.
Trampın andiçmə mərasimində özünü hələ də Gürcüstan prezidenti hesab edən keçmiş dövlət başçısı Zurabişvilinin təmsil olunduğunu nəzərə alsaq, iqtidarın Tramp administrasiyası ilə münasibət qurması o qədər də asan olmayacaq. Bu gün Amerika–Gürcüstan münasibətlərinin yaxşılaşdırılmasının yaxın dövr perspektivləri qeyri-müəyyən görünür. 
Yada salaq ki, Zurabişvili Gürcüstanda seçkilərin nəticələrini – nə parlament, nə də prezident seçkilərini tanımır və özünü ölkədəki qanuni hakimiyyətin yeganə nümayəndəsi hesab edir. Qərbdə də onu Gürcüstanın prezidenti kimi görürlər. Bu, Gürcüstanın ABŞ və digər Qərb dövlətlərlə münasibətlərinin yaxşılaşmasına mane olur. 
Bəs Trampın prezidentliyi dövründə Gürcüstanda nə dəyişə bilər? Bu barədə politoloq Zaal Andcaparidze deyib: “Andiçmə mərasimindən sonra müxalifət və “Gürcü Arzusu”nun addımları daha çox Tramp administrasiyasının hərəkətlərindən asılı olacaq. “Gürcü Arzusu” ilə müxalifət arasında informasiya müharibəsi daha da şiddətlənəcək. Qərbdə kompromis addımı uğursuzluq kimi qəbul etmirlər, amma Gürcüstanda, təəssüf ki, fərqli siyasi reallıq var. Ona görə də tərəflər arasında kompromis və ya dialoqun olacağına şübhə ilə yanaşıram. Bu, Gürcüstanda vəziyyəti gərginləşdirir”.
Politoloq daha sonra deyib: “Şübhəsiz ki, etirazlar davam edəcək. Çünki bu dinamikanı saxlamaq kollektiv müxalifətin kənardan aktiv yardım almaq üçün əsas amildir. Etirazlar dayansa, Qərb düşünəcək ki, böhran səngiyib və ABŞ-ın Gürcüstana münasibəti dəyişəcək. Bu, 2 ölkə arasında yaxınlaşmaya və münasibətlərin normallaşmasına səbəb ola bilər. Amma bu, asan olmayacaq”.
Çünki Gürcüstan hakimiyyətinin ümidləri Trampın siyasi baxışlarının ümumi xarakterinə əsaslanır. O, dünya miqyasında qlobalistlərə və liberal gündəmin tərəfdarlarına qarşı siyasət həyata keçirməyə hazırlaşır. Hazırkı Gürcüstan hakimiyyəti kimi ənənəvi, ailə və xristian dəyərlərini müdafiə edir və dağıdıcı ictimai-siyasi tendensiyaları qəbul etmir. Bu, Ağ evin əvvəlki sahibinin (Co Bayden) siyasəti ilə müqayisədə, bu gün kiçik də olsa, bir ümid yaradır. Bunun üçün Vaşinqtonla ən yaxşı şəkildə necə münasibətlər qurmaq imkanlarını maksimuma çatdırmağı və riskləri minimuma endirməyi anlamaq vacibdir. 
Beləliklə, “Gürcü Arzusu” indi topun Amerikanın meydanında olduğunu və həm münasibətlərin bərpasının, həm də Bayden administrasiyasının bir sıra gürcü rəsmilərə qarşı tətbiq etdiyi sanksiyaların ləğvinin prezident Trampdan asılı olacağını bildirir. 

Pünhan ƏFƏNDİYEV 
XQ



Siyasət