230 illiyə həsr olunmuş respublika konfransı

post-img

 “Mirzə Şəfi Vazeh və Dünya ədəbiyyatı” mövzusuna həsr olunan konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və onun Gəncə Bölməsi tərəfindən birgə təşkil edilib.

Elmi tədbirə Gəncə Bölməsinin əməkdaşları ilə yanaşı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Lənkəran Regional Elmi Mərkəzin, həmçinin Naxçıvan və   Mingəçevir Dövlət universitetlərinin  alim və tədqiqatçıları da qatılıblar.

İştirakçılar konfransın keçirildiyi AMEA Gəncə Bölməsinin böyük iclas salonunun foyesində elmi nəşr və tarixi sənədlərdən təşkil edilmiş sərgiyə baxıblar. Mirzə Şəfi Vazehin yaradıcılığı ilə bağlı olan, Almaniyada saxlanılan əlyazmaların fotosurətləri böyük maraq doğurub.

 Tədbiri  güriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq qeyd edib ki,  böyük şair və maarifçi Mirzə Şəfi Vazeh ədəbiyyatımızın görkəmli nümayəndəsi olmaqla yanaşı, Azərbaycanın poetik düşüncə və ənənələrinin Avropada tanınmasında böyük rolu olan mütəfəkkirdir.

Akademik Fuad Əliyev Ulu Öndər Heydər Əliyevin  milli maraqlarımızın və mənəvi-ideoloji intibahımızın hədəfləri naminə strateji xəttinin bir hissəsi olaraq, tariximizdə və ədəbiyyatımızda özünəməxsus yer tutmuş görkəmli şəxsiyyətlərin tanıdılması və  irsinin əsaslı şəkildə öyrənilməsinin vacibliyinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bu baxımdan,  Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında Ulu Öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərarı xatırladan Fuad Əliyev müasir dövrümüzdə Ümummilli Liderin layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı və  xalqımızın milli-mənəvi yüksəlişi naminə həmin strateji xəttin uğurla davam etdirildiyini vurğulayıb. O, Mirzə Şəfi Vazehin yaradıcılığının və maarifçi fəaliyyətinin miqyası baxımından onun anadan olmasının 220 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 3 fevral tarixli Sərəncamını və Gəncədə Mirzə Şəfi Vazeh Muzeyinin inşa edilməsini, bu möhtəşəm mədəniyyət obyektinin 2017-ci ilin noyabrın 10-da açılışında şəxsən iştirak etməsini qürurdoğurucü tarixi hadisələr kimi qiymətləndirib.

Akademik Fuad Əliyev böyük şair və maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr olunmuş respublika konfransının da bu mənəvi və elmi məqsədlərə xidmət edəcəyini bildirib.

 Sonra konfransın plenar iclasının məruzələri dinlənilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan  Aytən Qurbanova “Mirzə Şəfi Vazeh və türk dünyası”, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutundan Ruziyə Quliyeva “Divani-hikmət” ədəbi məclisi”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzindən Əlimuxtar Muxtarov “Mirzə Şəfi Vazeh irsinə dövlət qayğısı: Ulu Öndər Heydər Əliyevdən Cənab Prezident İlham Əliyevə”, AMEA Lənkəran Regional Elmi Mərkəzindən Fəranə Mikayılova “Divani-hikmət” ədəbi məclisi mədəniyyətlərarası körpüdür”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzindən Aynur Mirişli “Mirzə Şəfi dünyasi” və  Respublikanın Əməkdar artisti, gəncəli bəstəkar Məmməd Cəfərov “Mirzə Şəfi Vazehin sözlərinə yazılmış «Var» romansının təhlili” mövzularında çıxışlar ediblər.

 Tədbirdə “Var” romansı Gəncə Musiqi Kollecinin tələbəsi olan gənc vokalçının ifasında səslənib.

Plenar iclasda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov böyük şair və maarifçi Mirzə Şəfi Vazehin 230 illik yubiley tarixinə həsr olunan bu konfransın işini yüksək qiymətləndirib və iştirakçılara uğurlar arzulayıb.

Plenar iclasın yekununda akademik Fuad Əliyev iştirakçılara təşəkkür edib və konfransın materiallarının toplu şəklində nəşr edildiyini bildirib.

Konfransda  Mirzə Şəfi Vazehlə bağlı digər çıxışlar Bölmənin dəyimi iclas salonunda davam etdirilib.

Məruzələr ətrafında müzakirələr aparılıb.

Konfransın qonaqları şəhər gəzintisinə də çıxıb, Gəncənin  tarixi abidələri və əlamətdar yerləri ilə tanış olublar.















Elm