Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında imzalanan protokol əsasında reallaşan kənd təsərrüfatı sahəsi üzrə Türkiyədə ilk və yeganə ikili diplom proqramının məzuniyyət mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova diplom proqramı müddətində göstərdikləri dəstəyə görə başda Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar olmaqla, Ege Universitetinin rektoru professor Necdet Budak və bu ali təhsil müəssisəsinin prorektoru, Kənd Təsərrüfatı Fakültəsinin dekanı, professor Banu Yücelə təşəkkür edib.
Digər çıxış edənlər də Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin hər sahə üzrə olduğu kimi, təhsildə də uğurla inkişafının sevindirici hal olduğunu vurğulayıblar.
Sonra Nəcibə Nəsibova Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun adından rektor və prorektora təşəkkür bukletləri təqdim edib.
Qeyd edək ki, sözügedən ikili diplom layihəsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.