Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

post-img

İyunun 11-də Özbəkistan Forumlar sarayında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirləri Adil Kərimli və Azadbek Nazarbekov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkəmizdən gələn qonaqlar, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak edib. 

Əvvəl Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin təbrikini oxuyub. 

Özbəkistan Prezidenti Mədəniyyət Günlərinin təntənəli açılışı münasibəti ilə iştirakçıları təbrik edib. 

Təbrikdə deyilir: Sizə yaxşı məlumdur ki, son illər Özbəkistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri sürətlə inkişaf edərək yeni mərhələyə çatıb. Başqa sahələrdə olduğu kimi, mədəni-humanitar sahədə də əlaqələrimiz möhkəmlənir.

Azərbaycan respublikasının prezidenti, mənim əziz qardaşım İlham Heydər oğlu Əliyevlə aramızda olan razılaşmaya görə, keçən il Azərbaycanda Özbəkistan mədəniyyət günləri, bu ilin yanvarında isə Özbəkistan elm və mədəniyyət günləri yüksək səviyyədə keçirildi.

Özbəkistanın elm və mədəniyyət xadimləri qədim Azərbaycan torpağında böyük hörmət və ehtiramla qarşılandılar. Azərbaycanda baş tutan görüşlər və söhbətlər, şübhəsiz, xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verdi.

Sonra geniş konsert proqramı olub. Azərbaycandan gələn xanəndə və müğənnilər muğamlarımızı, xalq və bəstəkar mahnılarını, Azərbaycan Dövlət Rəqs ansamblının üzvləri rəqslərimizi ifa ediblər. 

Həmin gün Özbəkistan Yazıçılar İttifaqında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” adlı konfrans təşkil olunub.

Konfransda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə şairin əsərlərinin özbək dilində iki cildlik külliyyatının təqdimat mərasimi keçirilib. Kitablar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap edilib.

Tədbiri Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid açıb, Məhəmməd Füzulinin yaradıcılığı haqqında danışıb, filosof şairin Özbəkistanda da çox sevildiyini diqqətə çatdırıb. 

Adil Kərimli xalqlarımızın tarixən olan dostluğundan danışıb, ötən il Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsini diqqətə çatdırıb. Nazir deyib ki, xalqlarımız arasında bütün sahələrdə əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin xüsusu xidmətləri var. 

A.Kərimli 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan və Özbəkistan gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” ədəbi məclisinin uzun illərdən sonra bərpa edilməsini ölkələrimizin ədəbi əlaqələri sahəsində yeni mərhələ adlandırıb. 


Azadbek Nazarbekov bildirib ki, biz son illər tez-tez görüşürük, Özbəkistanda və Azərbaycanda xalqlarımızın ədəbiyyatı, mədəniyyəti və elmi ilə bağlı müxtəlif tədbirlər keçirilir və bu görüşlər bizi daha da yaxınlaşdırır. O, 2023-cü ildə Bakıda  Özbəkistan Mədəniyyət Günlərinin yüksək səviyyədə keçirildiyini də diqqətə çatdılrıb.

Sonra Azərbaycan Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, professor Nurboy Cabbarov, şair, tərcüməçi Mirzo Kenjabek, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü və başqaları çıxış edib.

Tədbir konsert proqramı ilə başa çatıb. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd 

 

 











Mədəniyyət