Xəzər Universitetində ədəbi-bədii görüş

post-img

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti tədbir Xəzər Universitetində keçirilib.

Tədbiri giriş nitqi ilə universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərli açıb. Departamentin müəllimi, şair Qardaşxan Əzizxanlı bədii sözün əhəmiyyətindən və layihənin önəmindən danışıb. 

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı ədəbiyyat könüllülüyündən, onun bugünkü vəziyyətindən danışıb. Birliyin başqanı, şair-publisist İntiqam Yaşar, üzvləri şair Taleh Mansur, Səddam Laçına, Valeh Qoca  da DGTYB-nin ədəbi layihələrindən söz açıb, layihə çərçivəsində çap olunmuş “Ədəbi toplu-2024” adlı kitabda yer almış şeirlərini səsləndiriblər. 

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimləri dosent Zivər Hüseynli-Baylan, Zəminə Ziyayeva, Almaz Bədəlova və Mədinə Karahan bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Departamentin tələbələrindən Ayla Yusifova Xəyalə Sevilin “Cəzalıdı ürəyim”, Rəvanə Məhərrəmova isə Həsən Kürün “Cəbhədən məktub” şeirlərini səsləndiriblər. 

Sonda bütün iştirakçılara DGTYB-nin nəşrləri hədiyyə edilib. Fəallıq göstərən tələbələrə diplomlar verilib.

 

Rizvan FİKRƏTOĞLU

XQ





Elm