Daşkənddə “Cədidlər: Milli kimlik, müstəqillik və dövlətçilik ideyaları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə Amerika Birləşmiş Ştatları, Almaniya, İsveçrə, Türkiyə, Yaponiya, Niderland, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin alimləri, hökumət strukturlarının təmsilçiləri iştirak edib.
Ölkəmizdən bu konfransa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə nümayəndə heyəti qatılıb.
Konfransın işində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Astanadakı Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova da iştirak edib.
Konfransda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciəti təqdim olunub.
Tədbirin açılışında Özbəkistan Prezidentinin köməkçisi Səidə Mirziyoyeva çıxış edib.
Forumda cədidlərin maarifçilik ideyalarının konseptual cəhətdən öyrənilməsi, təhlili və sistemləşdirilməsi fikri diqqət mərkəzində olub. ХХ əsrin əvvəllərində cədidlər tərəfindən yaradılan dövlət strukturunun qanunvericilik bazasının təhlili yolu ilə onların Türküstanda milli dövlətçiliyin yaradılmasında rolu, hüquqi demokratik cəmiyyət yaratmaq uğrunda fəaliyyətləri müzakirə olunub.
Konfrans çərçivəsində cədidlərə və bütövlükdə cədid hərəkatına , onun yaradılması, inkişafı, bu həkəkatın yatırılması və onların ideyalarının Yeni Özbəkistanda yenidən dirçəldilməsinə həsr olunan “Yaddaş dəhlizi” ensiklopediyasının təqdimat mərasimi keçirilib.
Forumda Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA Fəlsəfə institutunun professoru Faiq Ələkbərov “İsmayıl bəy Qaspralının cədidçilik fəlsəfəsi” mövzusunda məruzə edib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd