“Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşlığın prioritet istiqamətləri” – dəyirmi masa YENİLƏNİB

post-img

Noyabrın 15-də Əqli Mülkiyyət Agentliyində “Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşlığın prioritet istiqamətləri” mövzusunda dəyirmi masa keçirilir.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin ölkəmizə rəsmi səfəri çərçivəsində təşkil edilib. Səfər çərçivəsində nümayəndə heyəti noyabrın 15-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Səfərin əsas məqsədi əqli mülkiyyət sahəsində Azərbaycan ilə APT arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, ölkəmizdə qeyd edilən sahə üzrə görülən işlərlə yerində tanışlıq, xüsusən Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyinin iş təcrübəsinin öyrənilməsidir.

Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dəyirmi masada müzakirə olunacaq məsələlərin əməkdaşlığın təkmilləşdirilməsinə və dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, Q.İvliyevin Avrasiya Patent İdarəsinin prezidenti kimi fəaliyyətinin, irəli sürdüyü təşəbbüslərin müstəsna rol oynadığını vurğulayaraq onun təşkilatın fəaliyyəti və inkişafı problemlərinin həllinə yanaşmasının təşkilatın yüksək məqsədlərinə doğru uğurlu irəliləyişin açarı olduğunu söyləyib.

K.İmanov Azərbaycanın fəal iqtisadi və institusional islahatlar ölkəsi olduğunu qeyd edərək Prezident İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən tədbirlərin gələcəyə hesablandığını, Vətən müharibəsində Böyük Qələbədən sonra bütün torpaqların işğaldan azad edildiyini, bu torpaqlarda möhtəşəm quruculuq prosesinin - Böyük Qayıdışın başlandığını bildirib. O, Agentliyin vəzifəsinin dövlətimizin başçısı tərəfindən formalaşdırılan ən mühüm məqsədləri təmin etmək, ölkə rəhbərinin yaratdığı müstəqil əqli mülkiyyət idarəsini aparılan islahatların real aktoruna çevirmək olduğunu vurğulayıb.

Dəyirmi masanın təşkilinə görə Əqli Mülkiyyət Agentliyinə minnətdarlıq edən Q.İvliyev əqli mülkiyyət sisteminin inkişafına elmi yanaşmasına görə Kamran İmanova xüsusi təşəkkürünü bildirib. O, K.İmanovun “Əqli mülkiyyət. Sənaye mülkiyyəti” jurnalındakı son məqaləsində müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyət göstərməsi ilə bağlı fikirlərini yüksək dəyərləndirərək Azərbaycan və APT arasında əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib.

Patentlərin artan əhəmiyyətinin patent idarələrinin işinin keyfiyyətinin yüksəldilməsi zərurətini diktə etdiyini qeyd edən Q.İvliyev bu ilin may ayında 8 əsas iş istiqamətini özündə əks etdirən və regionda əqli mülkiyyət xidmətlərinin iddiaçılar üçün daha əlçatan və rahat olmasını nəzərdə tutan APT-nin 2028-ci ilə qədər İnkişaf Proqramının qəbul edildiyini vurğulayıb və Azərbaycan tərəfinə strateji inkişaf vektorlarını dəstəklədiyinə görə təşəkkür edib.

Q.İvliyev APT-nin fəaliyyətinin perspektivlərinə toxunaraq Avrasiya Patent Müvəkkilləri Assambleyasının yaradıldığını, ixtiraçıların Avrasiya təşkilatlarının yaradılmasının nəzərdə tutulduğunu, APİ-nin Əczaçılıq Reyestrinin məlumatlarının statusunun təkmilləşdirilməsinin davam etdiyini, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə texnoloji parklar üçün tematik layihənin həyata keçirildiyini, əqli mülkiyyət idarələrinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın milli qurumların işinin sadələşdirilməsi üçün ümumi elektron xidmətlərdən istifadənin genişləndirilməsinə kömək edəcəyini diqqətə çatdırıb. APİ-nin rəhbəri üzv-dövlətlərin dəstəyilə vahid Avrasiya əmtəə nişanının və vahid Avrasiya faydalı modelinin qeydiyyatı sisteminin yaradılmasına, əqli mülkiyyət sahəsində mübahisələrin həlli üzrə Avrasiya sisteminin formalaşdırılmasına hazır olduqlarını bildirib.

Qeyd edək ki, APT 1994-cü ildə Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələrin yerinə yetirilməsi məqsədilə təsis olunub. Hazırda bu beynəlxalq təşkilata 8 dövlət (Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Türkmənistan) daxildir. Azərbaycan Respublikası 1995-ci ildən APT-nin tamhüquqlu üzvüdür.

2019-cu ildə “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol” imzalanıb. 2022-ci ildə APT-nin dəstəyilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində iddia ərizələrinə 3D modellərin əlavə edilməsi imkanı ilə müraciətlərin qəbulu üzrə pilot layihə həyata keçirilib.

İndiyədək APT-yə Azərbaycandan ixtiralara görə 525 Avrasiya patent iddia sənədi verilib (2022-ci ildə 45, 2023-cü ildə isə 25). Hazırda Azərbaycan Respublikası ərazisində 9496 Avrasiya patenti qüvvədədir.

Patent iddia sənədləri içərisində əsasən mədən işi, əczaçılıq və dərmanlar, tibb və baytarlıq sahələri üstünlük təşkil edir. Azərbaycandan olan iddiaçılara 381 Avrasiya patenti verilib.

Ölkəmizdən ən aktiv müraciət edən təşkilatlara “Neftqazelmitədqiqatlayihə” İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu daxildir. Azərbaycandan olan müraciətlərin 60 faizi fiziki şəxslər tərəfindən verilib.



Elm