Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 Sentyabr - Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib.
MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxışı zamanı üç il öncəki tarixə qayıdaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətinə və əks-hücum əməliyyatının başlandığı günə nəzər yetirib: “Çoxmillətli Azərbaycan xalqı Prezidentin ətrafında bir yumruq kimi birləşərək düşmənə ağır zərbə endirdi. Gələcək nəsillərin tarixdən oxuyacağı 44 günlük bu şərəfli dövrü canlı yaşadığımız üçün xoşbəxt insanlarıq! Çünki torpaqlarımızı işğaldan azad edərək biz öz qürurumuzu, tarixi ədaləti bərpa etmiş olduq. Müharibənin kulminasiya nöqtəsi olan möhtəşəm Qələbə Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun rəşadəti, şəhidlərin qanı hesabına, qazilərin şücaəti sayəsində qazanıldı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinə Uca Tanrıdan rəhmət, qazilərimizə şəfa diləyirik”- deyə, MEK-in baş direktoru diqqətə çatdırıb.
MEK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva çıxışı zamanı qeyd edib ki, 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın həm hərb, həm siyasi tarixinə qızıl hərflərlə yazılan bir səhifə idi. Ölkə başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsində Vətən müharibəsindən sonra Azərbaycana qarşı sərgilənən münasibət də müsbət oldu: “30 ilə yaxın müddətdə Azərbaycan tərəfi maksimum şəkildə bu məsələnin, problemin sülh masası arxasında həllinə çalışsa da, Ermənistan öz havadarlarına güvənərək təcavüzkarlıq siyasətindən əl çəkmirdi, ölkəmizi 90-cı illərdəki Azərbaycanın gücü ilə müqayisə edirdi. Lakin Azərbaycanın siyasi, iqtisadi uğurları, güclü ordu quruculuğu düşməni diz çökməyə vadar etdi” - deyə, MEK əməkdaşı vurğulayıb. Z.Qarayeva Azərbaycan tərəfindən Qarabağda keçirilən son antiterror tədbirləri ilə bölgədə separatizmin kökünü tamamilə kəsmək istiqamətində ciddi, fundamental addım atıldığını da xüsusi vurğulayıb.
27 Sentyabr - Anım Günü saat 12:00-da ölkənin hər yerində olduğu kimi, MEK-də də şəhidlərin əziz xatirəsi rəhbərlik başda olmaqla, əməkdaşlar, oxucular, qonaqlar tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
Anar ƏLİ,
XQ