Yüksək Texnologiyalar Parkında Anım Gününə həsr olunmuş toplantı

post-img

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Tariximizin silinməz yaddaşı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YTP-nin baş direktoru Vasif Abbasov 2020-ci il sentyabrın 27-də başlanılan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı işğaldan azad etməklə tarixi qələbə qazandığını bildirib.

Torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açan baş direktor bununla da Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. Qeyd edib ki, əldə etdiyimiz zəfər Azərbaycan tarixinin və dünya hərb tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunub.

Vasif Abbasov, həmçinin sentyabrın 19-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bəhs edib. O, uğurlu antiterror əməliyyatları nəticəsində Qarabağ iqtisadi rayonundakı separatçıların 24 saatdan az müddətdə ağ bayraq qaldırmağa məcbur olduqlarını və Azərbaycanın suverenliyini öz gücü hesabına bərpa etdiyini bildirib.

Tədbirdə çıxış edən rezident müəssisənin nümayəndələri Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdən, müqəddəs yolda canlarını fəda edən, bizə böyük qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıblar.

Anar ƏLİ

XQ



Elm