Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı” keçirilir

post-img

Mayın 2-də Bakıda Heydər Əliyev Sarayında Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş "Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı” keçirilir.

AZƏRTAC xəbər verir ki, Ulu Öndərin hakimiyyəti illərində xaricdə təhsil almış həmvətənlərimizin qatıldığı toplantıda dövlət və hökumət nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” – deyən Heydər Əliyev təhsil sahəsinə hər zaman diqqət və qayğı ilə yanaşıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi. Peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.

Ulu Öndər respublikanın zəruri mütəxəssisə ehtiyacını və gələcəyini nəzərə alaraq bu illərdə yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrində oxumasına nail olmuşdur. 1970-ci ildən etibarən hər il 800- 900 azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilib. Bu da müstəqilliyini bərpa edən zaman Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan vermişdir. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı SSRİ-nin 170 universitetində təhsil alıb.

Həmin gənclər Azərbaycan üçün çox vacib sahələri əhatə edən ixtisaslar üzrə təhsil alaraq respublikaya yüksək bacarıqlı mütəxəssis kimi qayıdıblar. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynayıb.

Bu siyasət müstəqillik illərində də davam etdirilib. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirilib, planlı islahatların əsası qoyulub. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artıb. Təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırılıb, 200 yeni məktəb binası tikilərək istifadəyə verilib, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edilib. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olunub.

Elm