AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru Aydın Əlizadənin “Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955-1970)” monoqrafiyası Rusiya elmi dairələrinin diqqətini cəlb edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu tədqiqat qaz sənayesi sahəsində ilk sosioloji işdir. Ümumiyyətlə, qaz sənayesinin sosiologiyası elm sahəsi Azərbaycanda yenidir. Monoqrafiyaya “Azəriqaz” İstehsalat Birliyinin və SOCAR Qaz İxrac idarəsinin rəhbərliyi rəy veriblər. Beləliklə, monoqrafiya humanitar elm sahəsinin sənaye sahəsi ilə əməkdaşlığının nümunəsidir. Onun təkcə nəzəri deyil, praktiki əhəmiyyəti də var.
Bu ilin yanvar ayında monoqrafiyanın müəllif tərəfindən rus dilinə tərcümə edilmiş mətni Rusiya Dövlət Kitabxanasının elektron bazasında açıq yayımda yerləşdirilib. Monoqrafiyanın dərc edilməsindən cəmi üç ay keçəndən sonra “İdarəçiliyin, iqtisadiyyatın və hüququn paradiqmaları” jurnalında (Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının jurnalıdır) Azərbaycan aliminin monoqrafiyasına müsbət elmi rəy dərc edilib. Rəyin müəllifi Volqoqrad İdarəçilik İnstitutunun Dövlət idarəçiliyi və menecmenti kafedrasının professoru, iqtisad elmləri doktoru Tatyana İvanovadır.