AMEA-nın Gəncə Bölməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Ustad dərsi keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövrü, dünyagörüşü və Azərbaycançılıq ideologiyası tarixi və çağdaş kontekstdə” mövzusunda mühazirə ilə çıxış edib.
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonağı salamlayaraq onu tədbir iştirakçılarına təqdim edib. Akademik bildirib ki, xalqımız üçün əziz olan bu tarixi günlərdə Ulu Öndər Heydər Əliyevin zəngin irsinə həsr olunmuş belə görüşlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.
Ustad dərsində Xatirə Quliyeva Ümummilli Lider Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti, siyasi uzaqgörənliyi, taktiki duyumu və strateji düşüncəsi barədə geniş məlumat verib. O, Heydər Əliyev irsinin elmi-fəlsəfi baxımdan öyrənilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə apardığı tədqiqatlardan və ərsəyə gətirdiyi əsərlərdən danışıb.
Mühazirə zamanı “Tarixi kontekstdə insan, dövr və dünyagörüşü problemi”, “Ötən əsrin 20–40-cı illərində qlobal ictimai-siyasi hadisələr və Heydər Əliyevin dünyagörüşü”, “Ulu Öndər Heydər Əliyevin həyat amalı və fəaliyyətinin əsas prinsipləri” kimi mövzular şərh olunub.
Xatirə Quliyeva, həmçinin Azərbaycançılıq ideyasının Heydər Əliyev siyasi sistemində xüsusi yer tutduğunu qeyd edib. O, “Milli ictimai-tarixi inkişaf və Azərbaycançılıq”, “Azərbaycançılıq siyasi ideologiya kimi”, “Azərbaycançılıq mədəniyyətlərarası dialoq və çoxmədəniyyətlilik kontekstində” mövzularına toxunaraq bildirib ki, Ümummilli Lider XX əsrin ikinci yarısından etibarən Azərbaycan xalqının tarixi taleyində həlledici rol oynayıb.
Çıxışda qeyd olunub ki, Heydər Əliyev hələ sovet dövründə xalqımızın milli mənafelərinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm əsasların formalaşdırılması istiqamətində böyük xidmətlər göstərib. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi də məhz onun adı ilə bağlıdır.
Məruzəçi vurğulayıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir və Heydər Əliyev strategiyası Azərbaycanın inkişafında öz tarixi əhəmiyyətini qoruyub saxlayır.
Tədbirin sonunda Xatirə Quliyeva AMEA-nın Gəncə Bölməsində ona göstərilən diqqət və səmimi münasibətə görə akademik Fuad Əliyevə minnətdarlığını bildirib, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə dair kitablarını Bölməyə hədiyyə edib. Qonağa da Gəncə Bölməsində nəşr olunmuş bir sıra kitablar təqdim olunub.
Görüşə yekun vuran akademik Fuad Əliyev bildirib ki, Gəncənin sənaye, mədəniyyət, təhsil, səhiyyə və digər mühüm sahələrdə inkişafı Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin və uzaqgörən siyasətinin nəticəsidir. O, qərb bölgəsinin elmi əsaslarla inkişafına xidmət edən AMEA-nın Gəncə Bölməsinin yaradılmasını da Heydər Əliyevin regiona verdiyi mühüm tarixi töhfələrdən biri kimi dəyərləndirib.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri













