Avropanın “hay ləyaqəti” və Ermənistandakı ruspərəst davakarlar

post-img

Bu iki kəsim Qarabağ avantürasına siyasi sərmayə yatırırsa...

Məlum olduğu kimi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və onun oğlu Tomasın daxil olduğu, rüşvət və kriminal əlaqələr üzərində formalaşmış şəbəkə vasitəsilə regional və qlobal siyasətə mənfi təsirlərini sübuta yetirən videomateriala münasibət bildirib. Hazırda qurumun münasibətinə Ermənistanda göstərilən reaksiyaların şahidiyik.

Görünən odur ki, ölkədə bu il iyunun 7-də keçiriləcək parlament seçkiləri fonunda anti-Azərbaycan təmayül aktivləşməkdədir. O təmayül ki, özündə Qarabağ avantürasını daşıyır. O təmayül ki, Qarabağ ermənilərinin bölgəyə ləyaqətli qayıdışı kimi sərsəm tezisə əsaslanmaqla, erməni ictimai rəyini çaşdırmağa, sadə ermənilərdə qıcıq formalaşdırmağa və bu yolla onların səsini əldə etməyə hesablanıb.

Əslində, BMTM-nin münasibəti Avropa institutlarının diqqətini argentinalı dələduz Okamponun hərəkətlərinə çəkmək məqsədi daşımışdı. Ancaq o da vurğulanmışdı ki, sızdırılan görüntülər xarici lobbi aparatının Ermənistanın daxili siyasətinə təsir göstərərək ölkənin, eləcə də regionun maraqlarına xidmət etməyən, əksinə, davamlı münaqişədən qazanc əldə edənlərin gündəliyini dəstəklədiyini aşkara çıxarır: “Belə vəziyyətdə Avropa institutlarının reaksiyası sükut olmamalıdır”.

Milli Məclisin deputatı Elçin Mirzəbəylinin təbirincə desək, bu dəli sükut bir yetim təsəlli yoğura bilmir. Təəssüf ki, bəzi Avropa institutlarının ölkəmizə qarşı münasibətində müsbət təsəlli tutacağımız yoxdur. Bu azmış ki, Ermənistanda parlament seçkilərinə yaxınlaşdıqca, həmin institutların da anti-Azərbaycan köklənişi güclənir. Ona görə BMTM-nin açıqlamasında bildirilib ki, “Avropa Parlamentinin Ermənistan–Azərbaycan məsələlərinə dair qəbul etdiyi qətnamələr, xüsusilə aprelin 30-da qəbul edilən son sənəd sülh prosesindən daha çox rusiyameyilli müxalifətin siyasi ritorikasına uyğun ifadələr ehtiva edirsə, bu da yeni faktlar fonunda ciddi şəkildə nəzərdən keçirilməlidir”.

İstər-istəməz sual yaranır: Avropa Azərbaycan–Ermənistan sülhünü əngəlləmək üçün Baş nazir Nikol Paşinyanın seçki məğlubuna çevrilməsinədəmi razıdır? Görəsən, “köhnə qitə”dəkilərə Cənubi Qafqazda münaqişə ocağının qalması bu qədər vacibdir? Nəhayət, ortada daha böyük ziddiyyət var. Belə çıxır, Ukrayna müharibəsində qatı anti-Rusiya mövqeyinə malik Avropa Ermənistanla bağlı məsələdə Moskva ilə əlbirdir. Başqa cür düşünməyə əsas yoxdur. Bəlkə qitədəkilər 2018-ci ildə Ermənistanda həyata keçirdikləri inqilabın nəticələrini “dəfn etməyə” çalışırlar?

Əlqərəz, Ermənistanda yaxınlaşmaqda parlament seçkiləri fonunda “Qarabağ kartı”nın yenidən işə salındığının şahidiyik. Yəqin bununla bağlı anonsun Rusiya Prezidenti Vladimir Putin tərəfindən N.Paşinyan Moskvada olarkən verildiyinin fərqindəsiniz. İndiki durumda Avropanın məhz bu anonsdan irəli gələrək davrandığının şahidiyik. Haqqında söz açdığımız ən böyük paradoks da məhz budur.

Baxın, Avropa Parlamenti aprelin 30-də qətnamə yayır və həmin sənəddə Qarabağ ermənilərinin bölgəyə ləyaqətli qayıdışını ortaya atır. Ortaya başqa bir sual da çıxır: Ləyaqətli qayıdış nə deməkdir? Cavab sadədir: Ləyaqətli qayıdış Qarabağı Azərbaycanın tərkibində olsa belə, əlahiddə statuslu bir bölgə kimi vurğulamaq. Elə bir bölgə ki, daim onu ölkəmizdən qoparmaq mümkün olsun. Halbuki, erməni iqtidarı hazırda belə bir vəzifənin onun üçün heç bir əhəmiyyət daşımadığını dəfələrlə vurğulayıb. Ermənistandakı revanşist və şovinist kəsim isə Qarabağ avantürasını parlament seçkiləri ilə bağlı siyasi diskursa çevirib.

Qeyd edək ki, Ermənistandakı şovinist və revanşist kəsim öz baxışlarını, guya, Azərbaycanın Baş nazir Nikol Paşinyan iqtidarın müdafiə etməsi xüsusunda ortaya atır. Mövcud fonda elə təbliğat aparılır ki, sanki, Azərbaycan dövləti Nikola əks düşərgənin iqtidara yiyələnməsindən çəkinir. Halbuki, rəsmi Bakının nədənsə ehtiyatlanması mümkünsüzdür və bu barədə sonda söz açacağıq. Hələlik isə...

Yaxşı olar ki, kimlərsə qaranlıq otaqda qara pişik axtarışına çıxmasınlar. Həm də ona görə çıxmasınlar ki, o “pişiyi” Paşinyan və komandası 2020-2025-ci illərdə heç də az axtarmamış və tapa bilməmişdi. Konkret desək, hazırkı erməni iqtidarı həmin illərdə ən müxtəlif üsullarla Azərbaycana təzyiq göstərilməsinə nail olmağa, “Qarabağ kartı”nı yenidən dövriyyəyə atmaq naminə çalışmışdı.

Bəli, vaxt var idi, Avropa Parlamentinin qətnamələri Nikol və tərəfdarları tərəfindən açıq şəkildə dəstəklənirdi. Vaxt var idi, barəsində söz açdığımız Luis Morena Okampo İrəvanda yüksək səviyyədə qarşılanırdı. Yeri gəlmişkən, sonuncu dəfə belə bir qarşılanma 2024-cü ildə olmuşdu. Axı erməni iqtidarı bu beynəlxalq dələduzun Ermənistana Qarabağ avantürasının davamında dəstək göstərəcəyinə ümid bəsləyirdi.

Onu da deyək ki, Azərbaycan dövlətinin qətiyyəti sayəsində bütün bu kimi ümidlər “basdırıldı”. Hazırda okampoların vaxtilə qaldırdığı tezislər hay müxalifəti tərəfindən seçki ritorikasının vacib mövzusuna çevrilirsə, belə təəssürat var ki, xarici qüvvələr “Qarabağ kartı”nı əldə bayrağa çevirənlərin iqtidara yiyələnmələrində maraqlıdırlar. Daxildəki revanşistlərin anti-Azərbaycan təbliğata girişmələri, həmçinin onların ölkəmizin Paşinyanın qalibiyyətində maraqlı olmasına dair fikirlər tirajlamaları da məhz buna görədir.

Bəli, hazırda Ermənistanda “Qarabağ kartı”ndan uzaq duranlara münasibətdə antipatiya formalaşdırılır. Mövcud fonda bir daha bildirək ki, Azərbaycanın Ermənistanda hansı qüvvənin hakimiyyətə yiyələnməsi baxımından strateji baxışı yoxdur. Ölkəmiz sülhə və barışa köklənib. Rəsmi Bakı bu baxımdan Paşinyan və komandasını daha optimal sayır. Yəni Ermənistanda kimsə düşünməsin ki, yaşanacaq əks proseslər ölkəmizin ovqatına mənfi təsir göstərəcək. Çünki Azərbaycan bütün parametrlər üzrə Ermənistandan qat-qat yüksəkdədir.

Əgər İrəvanda hakimiyyətə iddialı hansısa qüvvə itirilmişlərin bərpasına, o cümlədən Qarabağ avantürasına yenidən start verməyə çalışsa, birmənalı şəkildə başı əziləcək. Yəni Prezident İlham Əliyevin təbirincə desək, həmin qüvvələr qarşılarında “dəmir yumruq” görəcəklər. Ona görə Avropa dairələri Ermənistan daxilindəki rusbaşlı revanşistlərin sərsəm musiqilərinə züy tutmaqdan uzaq dayanmalı, siyasi oyunbazlıqdan əl çəkməlidirlər. Onlar nəzərə almalıdırlar ki, ermənilərin ləyaqətli şəkildə yaşayacaqları Ermənistan Respublikası adlı dövlət var. O dövlət ki, sərhədləri bəllidir və indiki halda beynəlxalq hüquqla qorunur.

Ə.RÜSTƏMOV
XQ

Siyasət