Musa Qurbanlı çempionatın bombardiri ola biləcəkmi?
Misli Premyer Liqasının (MPL) başa çatmasına səkkiz tur qalıb. Bu o deməkdir ki, artıq iyirmi səkkiz tur geridə qalıb. Geridə qalan turlarda baş verən ən maraqlı faktlardan biri MPL-də Musa Qurbanlının Azərbaycan çempionatları tarixində rekorda imza atması olub. İndi azarkeşləri bir məsələ düşündürür. Qurbanlı ölkə çempionatının bombardiri ola biləcəkmi?
Belə ki, fevralın əvvəlində ölkə çempionatının ikinci mövsümündə Musa Qurbanlı 16-cı qolunu vurub. Həmin qol MPL-in 22-ci turunda “Sabah”la ev görüşündə qeydə alınıb. Bununla da o, Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. Belə ki, gənc hücumçu bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.
Qeyd edək ki, M.Qurbanlıya qədər bu rekord 15 qola bərabər idi. 1998-1999- cu ilər mövsümündə “Dinamo”nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005-2006-cı illər mövsümündə isə “Şahdağ”ın nigeriyalı legioneri Əhməd Ticani eyni rekordu təkrarlayıb. Bu rekordu cari ildə MPL-in 22-ci turunda təkrarlayan Musa Qurbanlı “Sabah”la görüşdə mütləq rekord vuraraq yeni hədd müəyyənləşdirib–16 qol.
Xatırladaq ki, həmin qol həm də forvardın “Qarabağ”ın heyətində yubiley qolu olub. O, Ağdam klubunun forması ilə Premyer Liqada 25-ci dəfə fərqlənib.
Oxucuların nəzərinə çatdıraq ki, hazırda 28-ci turdan sonra bombardirlər cədvəlinə Ağdamın “Qarabağ” klubunun gənc hücumçusu Musa Qurbanlı başçılıq edir. Onun aktivində 20 qol var. Onu 17 qolla komanda yoldaşı Ramil Şeydayev izləyir. Bombardirlərin siyahısında ilk üçlüyü isə 15 qolla çempionluğa iddialı “Sabah” komandasının legioneri Coy Lens Mikels tamamlayır. Bu göstərici üzrə ilk dördlükdə isə hesabında 14 qol olan “Neftçi”nin hücumçusu Emin Mahmudov yer alır.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”