AYİB ölkəmizin iqlim təşəbbüslərini dəstəkləyir

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos təmsil etdiyi qurumun “yaşıl” maliyyələşməyə olan öhdəliyini artırdığını və hazırda portfelinin 50 faizindən çox hissəsinin iqlim məqsədlərinə uyğun layihələrlə bağlı olduğunu bildirib. O daha sonra AYİB-in artıq “yaşıl” bank kimi tanındığını və bunun sübut edən bir sıra nailiyyətlərin mövcudluğunu vurğulayıb.

AYİB-in nümayəndəsi bu maliyyə qurumunun hələ bir neçə il əvvəl Paris Sazişi çərçivəsində bankın “yaşıllaşması” ilə bağlı üzərinə öhdəlik götürdüyünü və bu istiqamətdə artıq səyləri artırdığını, 2022 və 2023-cü illərdən etibarən sözügedən sahədə mühüm uğurlar qazandığını da diqqətə çatdırıb.

A.Drakinos qeyd edib ki, AYİB iqlim dəyişikliyi ilə bağlı layihələrə investisiyaları artırmaq məqsədilə digər çoxtərəfli inkişaf bankları ilə əməkdaşlığa başlayıb və bu məqsədlə hər il iqlim layihələrinə 2030-cu ilə qədər 120 milyard avro isərmayə qoymaq öhdəliyi götürüb.

Xatırladaq ki, Azərbaycanın bu bankla əməkdaşlığa başlaması 1992-ci illərə təsadüf edir. Beynəlxalq maliyyə qurumunun ölkəmizdəki nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Bank ilə dövlətimiz arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən ölkə üzrə strategiya sənədi ilə tənzimlənir. Həmin strategiyaya əsasən, AYİB üçün bir sıra prioritet məsələlər var. Bunlar rəqabət qabiliyyətliliyə və yaxşı idarəçiliyə dəstək vasitəsilə iqtisadi şaxələndirmənin təşviqi, maliyyə bazarlarının inkişaf etdirilməsi ilə dözümlülüyün artırılması, “yaşıl” iqtisadiyyata keçidə, eləcə də regional rabitəliliyə dəstəkdir.

AYİB davamlı olaraq “yaşıl” inkişafın, davamlılığın və innovasiyanın təşviqinə sadiqlik nümayiş etdirir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə, özəl maliyyənin səfərbər olunmasında və fəaliyyət göstərdiyi bütün regionlarda sistemli dəyişikliyin gerçəkləşdirilməsində özünü qabarıq büruzə verir. Beynəlxalq maliyyə qurumu biznesinin azı yarısını “yaşıllaşmaya” yönəltməyi qarşıya önəmli vəzifə kimi qoyur. Ötən il bankın “yaşıl” maliyyələşdirməsinin 6,5 milyard avroya çatması, dünyada iqlimin maliyyələşdirilməsində liderlik səviyyəsinə yüksəlməsi də bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, AYİB-in apardığı tədqiqatlar Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Bununla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti ilə Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də yekunlaşıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.

Maliyyə qurumunun ölkəmizin bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən danışarkən bankın hazırda respublikamızın şərqində 240 meqavatt gücündə külək enerjisi stansiyasının tikintisini maliyyələşdirdiyi daha çox diqqət çəkir. Bu, külək enerjisi sahəsində ölkədə ilk təşəbbüs olmaqla Qafqazda bu cür ən böyük layihədir. Stansiya istismara verildikdən sonra ildə 893 qiqavatt-saatadək xalis elektrik enerjisinin hasil olunacağı gözlənilir. Ölkəmiz tərəfindən AYİB-in fəaliyyətində xüsusi yer tutan “Xəzər–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi də yüksək dəyərləndirilir.

 

Ekologiya