Aviasiya qlobal emissiyaların 2-3 faizini təşkil etsə də, iqlim savaşında önəmli sahədir
Macarıstanın “Wizz Air” aviaşirkətinin korporativ və ekoloji, sosial və idarəetmə direktoru Yvonne Moynihan Azərbaycan mediasına müsahibəsində bildirib ki, karbon emissiyalarını azaltmaq üçün ən çətin sektorlardan biri olan aviasiya bu müzakirələrin diqqət mərkəzində olmalıdır: “Davamlı Aviasiya Yanacağının və digər yeniliklərin iqlim strategiyalarına inteqrasiyası xüsusilə vacib məsələdir. Bununla belə, sənayemiz üçün yüksək keyfiyyətli aviasiya yanacağının daha əlçatan olması və yüksək qiymət məsələsinin həlli diqqət mərkəzində saxlanılmalıdır”.
Y.Moynihan qeyd edib ki, COP29 konfransının gedişində siyasətçilər, aviasiya yanacaq istehsalçıları, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası kimi təşkilatların nümayəndələri ilə aparılan əhəmiyyətli müzakirələrdə keyfiyyətli aviasiya yanacağı istehsalının sürətləndirilməsi, innovativ yanacaq texnologiyalarının genişləndirilməsi və xalis sıfır aviasiyaya keçidi asanlaşdıracaq tənzimləyici çərçivələrin yaradılması məsələlərinin həlli zəruriliyi önə çəkilib. Eyni zamanda, bütün aviasiya sənayesinin karbon kreditlərinə və davamlı enerji həllərinə çıxışı barədə fikir və mülahizələr səsləndirilib.
COP29-un dialoq üçün əla platforma olduğunu diqqətə çatdıran Y. Moynihan əlavə edib ki, qlobal səylərin aviasiya sektorunda tələb olunan dəyişiklik tempinə uyğunlaşdırılmasında bəzi boşluqlar var: “Qlobal keyfiyyətli aviasiya yanacağı reyestri kimi şəffaflığı təmin edəcək və karbon kreditlərinə çıxışı asanlaşdıracaq təşəbbüslər bizi həvəsləndirir. Lakin neft subsidiyalarının mədən yanacaqlarından bərpa olunan enerjiyə yönəldilməsi kimi daha qətiyyətli siyasi tədbirlər lazımdır. Ümid edirik ki, bu müzakirələr konkret nəticələrə gətirib çıxaracaq. Biz irəliləyişə nail olmaq üçün siyasətçilər və sənaye liderləri ilə əməkdaşlığa sadiqik”.