Londonda COP29 və Xəzər müzakirələri

post-img

Londonda “Xəzər Enerji Təhlükəsizliyi və COP29-dan sonra” mövzusunda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən adıçəkilən mərkəzin direktoru Əfqan Nifti Xəzər regionunun enerji təhlükəsizliyi və “yaşıl” enerji keçidində artan əhəmiyyətindən danışıb. O, regionda, xüsusilə son bir ildə diplomatik səylərin və əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirib. Ə. Nifti daha sonra COP29-un Xəzər regionu üçün xüsusi önəm daşıdığını əlavə edib.

Britaniyanın Xarici İşlər Nazirliyi ilə Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin birgə yaratdığı Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Xəzər regionunun enerji təhlükəsizliyi və “yaşıl” enerji potensialına diqqət çəkib. S.Vestleyk, eyni zamanda, Xəzər regionunun Avropa üçün enerji təhlükəsizliyi və diversifikasiya baxımından strateji tərəfdaş olduğunu bildirərək, COP29-da Azərbaycanın Sədrliyi ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov COP29-un bölgədə keçirilməsini tarixi hadisə adlandırıb və respublikamızın bu prosesdəki liderliyini yüksək dəyərləndirib. Həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerji üzrə üçtərəfli tərəfdaşlığın qurulmasının xüsusi əhımiyyət daşıdığını qeyd edib. Elin Süleymanov COP29-da əldə edilən Bakı maliyyə hədəfini uğur adlandırıb.

Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş Türkiyənin 2053-cü ilə qədər iqlim hədəflərindən danışaraq “yaşı”l keçid və enerji təhlükəsizliyi arasında balansın qorunmasının əhəmiyyətinə toxunub. Qazaxıstanın bu ölkədəki səfiri Maqjan İlyasov BMT-nin 29-cu iqlim konfransının Xəzər regionu üçün çox vacib bir platforma olduğunu və bölgə ölkələrini daha güclü əməkdaşlığa təşviq etdiyini bildirib. Özbəkistanın Böyük Britaniyadakı səfiri Rövşən Usmanov isə COP29-da Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib və iqlim konfransının . regiondakı ölkələrin problemlərini və çağırışlarını müzakirə etmək baxımından yüksək səviyyəli platforma olduğunu deyib.

Ekologiya