Azərbaycanın yaşıl potensialı təmiz enerjiyə çevrilir

post-img

İqlim konfransında ölkəmizin hidrogen strategiyası təqdim edilib

Bakı iqlim konfransı çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi və Hidrogen Şurasının təşkilatçılığı ilə “Təmiz hidrogen iqtisadiyyatının təmin edilməsi və yeni təchizat zəncirlərinin inkişafı” adlı tədbirdə Azərbaycanın hidrogen üzrə milli strateji baxış sənədinin təqdimatı keçirilib. Bu barədə “XQ”yə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın yaşıl enerji keçidi istiqamətində atdığı addımlardan, yaşıl hidrogen istehsalı və ixracı planlarından danışıb. Nazir müavini yaşıl hidrogenin hazırda qlobal emissiyaların əhəmiyyətli hissəsini təşkil edən ağır sənaye, nəqliyyat və gəmiçilik kimi elektrikləşdirilməsi çətin olan sektorların karbonsuzlaşdırılması üçün zəruriliyini vurğulayıb.

COP29 sədrliyinin enerji sahəsində irəli sürdüyü üç təşəbbüsdən birinin hidrogen bəyannaməsi olduğunu xatırladan S. Vəliyev deyib ki, bu təşəbbüs ölkələrin daxili hidrogen bazarlarını inkişaf etdirərək istehsal qabiliyyətlərini artırmalarına və regional bazarların inkişafına dəstək olmalarına hesablanıb. Elə Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi də məhz bu məqsədlə hazırlanıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxışında hazırda ölkəmizdə bununla bağlı balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı ssenarilərin nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, hər ssenari üzrə yaşıl hidrogendən ölkədaxili istifadə və ixrac üçün istiqamətlər, eləcə də tələbata uyğun bərpaolunan enerji gücünə dair qiymətləndirmələr aparılıb.

Diqqətə çatdırılıb ki, 2050-ci ilə qədər yaşıl hidrogenin istehsalı üzrə balanslaşdırılmış və sürətləndirilmiş ssenarilərə uyğun olaraq 9 qiqavat və 18 qiqavat həcmində bərpaolunan enerji qoyuluş gücü tələb olunur. 2060-cı ilə proqnozlaşdırılan ambisiyalı ssenaridə isə 30 qiqavat həcmində bərpaolunan enerji həcmlərinin quraşdırılması hədəflənir. Bu məqsədlə bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücü ilə bağlı hazırda araşdırmalar aparılmaqdadır. Bu hədəflərə nail olmaq üçün dənizdə külək enerjisindən istifadə ilə yanaşı, quruda hibrid şəkildə külək və günəş enerjisindən də istifadə olunması mümkündür. Azərbaycanda dənizdə külək enerjisinin iqtisadi potensialı 38 qiqavata qədər qiymətləndirilir ki, bu da Strateji Baxış sənədi ilə tam uyğunluq təşkil edir. Növbəti mərhələdə isə sözügedən sənədin tətbiqi planının hazırlanması nəzərdə tutulur.

Azərbaycanın hidrogen üzrə milli strateji Baxış Sənədi COP29 Prezidentliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji dəhlizləri konsepsiyasına uyğundur. Sözügedən sənəd ölkəmizin hidrogendən istifadə ilə bağlı gələcək planlarını özündə tam əks etdirir.

Xatırladaq ki, Azərbaycanın hidrogen üzrə milli strateji Baxış Sənədi Energetika Nazirliyinin sədrliyi ilə əsas maraqlı tərəflərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumlardan ibarət işçi qrup tərəfindən hazırlanıb.

Yeri gəlmişkən, 2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəfləyən Avropa ölkələri yaşıl keçid platformasının əsas istiqamətlərindən sayılan hidrogenin istehsalı, onun saxlanması və ixracına nail olunması sahəsində intensiv iş aparırlar. Hidrogen isə planetimizdə ən bol elementlərdən biri olmaqla yanaşı, təmiz yanacaq növü kimi getdikcə daha çox maraq kəsb edir. Qeyd edək ki, yaşıl hidrogen bərpaolunan enerjidən istifadə edilərək elektroliz nəticəsində əldə olunan enerji növüdür.

Mütəxəssislərin fikrincə, hidrogen istehsalında külək və günəş enerjisi kimi bərpaolunan enerjidən istifadə olunduğundan onun tərkibində heç bir istixana qazı emissiyası yoxdur. Eyni zamanda, hidrogen yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə potensialın yüksək olmasına və ekoloji təmizliyinə görə hidrogeni “gələcəyin yanacağı” adlandırırlar. Məlum olduğu kimi, hazırda istehsal olunan hidrogenin çox cüzi hissəsi, təqribən, 1 faizi yaşıl hidrogendir. Bununla belə, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, 2050-ci ilə qədər enerji istehsalının 12 faizi hidrogenin payına düşəcək.

Dünyanın prioritet elan etdiyi yaşıl keçid platformasının fəal iştirakçısına çevrilmiş Azərbaycanın da bu sahədə potensial imkanları olduqca yüksəkdir. Təsadüfi deyil ki, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən aparılan tədqiqatlar ölkəmizdə ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Bununla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlilini yekunlaşdırıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.

Bütövlükdə isə, Azərbaycan böyük qaz yataqları, zəngin ehtiyatları hesabına yaşıl hidrogenə keçid baxımından yaxşı imkanlara malikdir. Hidrogenin istehsalı üçün isə ölkəmizdə yeni emal müəssisəsi tikilməlidir. Həmin müəssisənin günəş panellərindən və külək qurğularından alınan enerji hesabına fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Artıq ölkəmizdə hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanmasına başlanılıb.

 



Ekologiya