Enerji keçidi üzrə investisiya forumu

post-img

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi tərəfindən regionda bərpaolunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etmək məqsədilə Mərkəzi Asiyada enerji keçidi üzrə investisiya forumu keçirilib. COP29 çərçivəsində təşkil edilən müzakirədə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən olan nazirlər və nazir müavinləri iştirak ediblər.

Energetika Nazirliyin məlumatına görə, forumda Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün yaşıl enerjidən istifadəni artırmağın yolları müzakirə edilib. Bu məqsədlərə çatmaq istiqamətində “Orta Asiyada sürətləndirilmiş bərpaolunan enerji tərəfdaşlığı” adlı proqram təsis edilib. Sənəd Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Mərkəzi Asiya üzrə enerji keçidi üzrə investisiya forumu regionda dayanıqlı enerji transformasiyasını sürətləndirmək, bərpaolunan enerji sahəsində əməkdaşlığı dərinləşdirmək və strateji layihələrin reallaşdırılması üçün investorları cəlb etmək baxımından mühüm platformadır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji keçidində güclü əməkdaşlığa böyük önəm verdiyini vurğulayan nazir deyib ki, bu çərçivədə ölkələrimizin enerji təhlükəsizliyini və enerji təchizatında strateji mövqeyini gücləndirmək üçün Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlanılıb: “COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji tərəfdaşlığı sazişi, Səudiyyə Ərəbistanın üçtərəfli layihəyə qoşulması bu istiqamətdə atılan strateji addımlardan biridir və beynəlxalq enerji əməkdaşlığına, yaşıl investisiyaların cəlbinə güclü təkan verəcək. Biz bu forum vasitəsilə bütün investorları və potensial tərəfdaşları bu tarixi dəyişimin bir hissəsi olmağa dəvət edirik”.

IRENA-nın baş direktoru Francesco La Camera isə çıxışında qeyd edib ki, Mərkəzi Asiyanın zəngin bərpaolunan enerji resursları, strateji coğrafi mövqeyi və qonşu regionları birləşdirən yaşıl enerji dəhlizinin yaradılması istiqamətində davam edən səyləri regionun dəyişən enerji mənzərəsinin önündə yer almaq üçün mühüm imkanlar yaradır. Onun sözlərinə görə, “Orta Asiyada sürətləndirilmiş bərpaolunan enerji tərəfdaşlığı” proqramı regionun öz potensialını səfərbər etməsi üçün hərtərəfli, ölkələrin rəhbərlik etdiyi, ambisiya, planlaşdırma və icranı birləşdirən mühüm bir fürsət təqdim edir.

Qeyd edək ki, iki gün davam edəcək forumda Mərkəzi Asiyada enerji keçidinə dair investisiya və maliyyə siyasətləri, maliyyə ehtiyacları və prioritetləri, iqlim maliyyəsi üçün çərçivələr və digər maliyyə alətlərinə dair müzakirələr aparılacaq. Forum çərçivəsində, həmçinin enerji keçidlərinə dair maliyyələşdirmə dialoqu, IRENA-nın Mərkəzi Asiya üçün layihə asanlaşdırma alətləri üzrə interaktiv sessiyası və Mərkəzi Asiya üzrə regional seminar keçiriləcək. Həmin tədbirlərdə iştirakçılara maliyyələşdirmə sahəsində innovativ həll yolları və ən yaxşı təcrübələr haqqında geniş məlumatlar təqdim ediləcək.

 

Ekologiya