“Environmental Protection First” Koalisiyası COP29 çərçivəsində “Ermənistanın dağ-mədən fəaliyyətinin Cənubi Qafqazda ətraf mühitə ekoloji təsirləri” mövzusunda yan tədbir keçirib.
Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Ermənistan hakimiyyəti dağ-mədən fəaliyyətinin ekoloji fəsadları mövzusunda hələ də susur. Ermənistan rəhbərliyinin yerli və xarici QHT-lərin müraciətlərinə cavab vermədiyini diqqətə çatdıran şura sədrinin sözlərinə görə, bu ölkə beynəlxalq ekoloji norma və standartlara məhəl qoymayaraq dağ-mədən fəaliyyətini davam etdirir, müəssisələrdə Azərbaycan və beynəlxalq təşkilatların ekoloji monitorinqlər aparılmasına şərait yaratmır.
Koalisiya üzvləri bir daha Ermənistanın dağ-mədən sənayesində işləyən şirkətləri Ətraf Mühitin Qiymətləndirilməsi Sənədlərini ictimailəşdirməyə çağırıb. Xüsusi vurğulanıb ki, bu sənədlərin ictimaiyyətdən gizlədilməsi görünməmiş hadisədir.
Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi üç dildə – Azərbaycan, ingilis və erməni dillərində hazırlanmış “Ermənistanın mineral xammal resursları” adlı xəritə üzərində mövzunu auditoriyaya izah edib. Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov isə bildirib ki, Ermənistanın ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən əsasən Qərbi Zəngəzur bölgəsinə – Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirdiyini xəritədən aydın göründüyünü diqqətə çatdırıb.
Tədbirdə Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmaq, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirmək tələb olunub.