COP29 Azərbaycanı beynəlxalq nüfuz zirvəsinə yüksəldir

post-img

Azərbaycanın COP29-a sədrlik etməsi ölkəmizin beynəlxalq nüfuzu baxımından strateji önəm daşıyır. İqlim konfransının respublikamızda keçirilməsi tarixi hadisədir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası barədə qərarın yekdilliklə qəbul edilməsi də, sadəcə, bir toplantının gerçəkləşdirilməsi anlamını vermir. Bu qərar, ilk növbədə, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin növbəti etimad, inam və nüfuzunun göstəricisidir. Azərbaycan bu hörməti əməli fəaliyyəti, müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa olan sədaqəti ilə əldə edib. Bu qərarın qəbul edilməsində ölkəmizin bütün ərazisində suverenliyin bərpa edilməsi amili də xüsusi rol oynayıb.

Müstəqilliyinin 33 yaşı yenicə tamam olan respublikamızın 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına yüksək səviyyədə rəhbərlik etməsi, dünyada ilk dəfə keçirilən I Avropa Oyunlarına evsahibliyini uğurla gerçəkləşdirməsi, Formula 1, IV İslam Həmrəyliyi Oyunlarının təşkilində səmərəli fəaliyyət göstərməsi də COP29-a sədrlik missiyasının ölkəmizə tapşırılmasında önəmli rol oynayıb. Respublikanın 33 illik müstəqillik tarixində heç vaxt COP29 kimi böyük və ciddi zirvə toplantısı olmayıb. Azərbaycan artıq təkcə Cənubi Qafqaz regionunda deyil, bütün postsovet məkanında qlobal iqlim sammitinə evsahibliyi edəcək ilk ölkə kimi adını tarixə yazdırıb.

Beynəlxalq tədbirin davam edəcəyi iki həftə ərzində Azərbaycanın paytaxtı qlobal istiləşmənin yaratdığı aktual problemləri müzakirə etmək üçün dövlət və hökumət başçılarını, müxtəlif beynəlxalq institutların, biznes, vətəndaş cəmiyyəti və media nümayəndələrini bir araya gətirəcək, Paris Sazişinin icrasını sürətləndirmək və uzunmüddətli iqlim məqsəd və strategiyalarını həyata keçirmək üçün zəruri tədbirlər hazırlayacaq nüfuzlu beynəlxalq platforma kimi çıxış edəcək.

Etiraf etmək lazımdır ki, iqlim konfransının Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz regionu üçün əlamətdar hadisədir. Qlobal iqlim siyasətinə həsr olunmuş belə genişmiqyaslı tədbir, ilk növbədə, Azərbaycan üçün həm beynəlxalq aləmdə, həm də ölkə daxilində bir sıra mühüm imkanlar açır. Prezident İlham Əliyev çıxışlarının birində bu konfransın keçirilməsinin ölkə və xalq üçün daha böyük bir uğur olacağını vurğulayır.

Vətən müharibəsinə qədər dünyanın ədalətsizliyi ilə üzləşən Azərbaycan bu gün beynəlxalq aləmdə getdikcə daha çox narahatlıq doğuran qlobal iqlim dəyişikliyi kimi ən kəskin problemlərdən birinin müzakirə platformasına çevrilməklə, sanki dünyaya yeni düzən verməyin vaxtı çatdığına, planetin taleyinin məhz ədalətli yanaşmadan asılı olduğuna işarə edir.

Şübhəsiz ki, iqlim dəyişikliyinin əsas amillərindən biri antropogen və ya insanın iqtisadi fəaliyyətinin təsiridir. Sonuncuya mədən yanacaqlarının yandırılması, meşələrin qırılması, nəticədə havaya kütləvi karbon emissiyasının atılması və heyvandarlığın genişləndirilməsi daxildir. Bütün bunların nəticəsidir ki, atmosferdə istixana qazlarının, ilk növbədə, karbon qazının konsentrasiyası artır ki, bu da istixana effektinin güclənməsinə və temperaturun yüksəlməsinə, müxtəlif kataklizmalara səbəb olur.

BMT-nin məlumatına görə, ötən əsrin 80-ci illərindən bəri hər onillik əvvəlkindən daha isti olub. Nəhayət, 2011-2020-ci illəri əhatə edən onillik tarixdə ən isti dövr kimi tarixə düşüb. Əgər tədbirlər görülməsə qarşıdakı dövrün daha böyük fəlakətlərə səbəb olacağı istisna deyil. Temperaturun yüksəlməsi hava şəraitini dəyişir və təbiətin tarazlığını pozur. Son illərdə dünyanın müxtəlif yerlərində tufan, qasırğa, sel və daşqınlar, sürüşmə, quraqlıq, meşə yanğınları və s. kimi hadisələrin necə tez-tez baş verdiyini müşahidə edirik.

Prezident İlham Əliyev 29-cu Beynəlxalq “Xəzər Neft və Qaz” və 12-ci Xəzər Beynəlxalq “Enerji və Yaşıl Enerji” – Caspian Power sərgisinin açılış mərasimində çıxışında bütün bunları nəzərə alaraq vurğulayıb ki, Azərbaycan iqlim dəyişikliyinin insanların həyatına mənfi təsirini yaxşı bilir: “Xəzər dənizi dayazlaşır, onun səviyyəsi ildən-ilə aşağı düşür. Ona görə də Azərbaycan COP29 iqlim konfransının təşkilatçısı kimi bu vəzifə ilə bağlı bütün vacib məsələlərdən yaxşı xəbərdardır. Bakı bu mühüm vəzifənin faydalarını və çətinliklərini yaxşı bilir”.

COP29-un təşkilatçısı olan dövlət başçımızın bu yanaşması problemi bütün ciddiliyi ilə qəbul etdiyini göstərir. Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və səhraların yaranması təkcə Azərbaycan üçün çətinliklər yaratmır. Bu, bütövlükdə bütün Xəzər regionu üçün ciddi problemdir.

Bir neçə il əvvəl Qessen və Bremen universitetlərinin alman alimləri Utrext Universitetindən olan holland geoloqu Frank Vesselinqlə birlikdə Xəzər dənizinin səviyyəsinin bu əsrin sonuna qədər dəyişməsinin proqnozlaşdırıcı modelini yaratmışlar. Tədqiqatçıların müşahidələrinə görə, 1990-cı illərdən başlayaraq Xəzər dənizində suyun səviyyəsi hər il bir neçə santimetr aşağı düşür. Alman və Hollandiya alimlərinin hesablamalarına görə, 2100-cü ilə qədər Xəzər dənizində suyun səviyyəsi indikindən 9–18 metr aşağı olacaq. Bundan əlavə, Xəzər dənizi hövzəsinin sahəsi 23–34 faiz azalacaq. Bu, regionun ətraf mühitində, iqtisadiyyatında və siyasi sabitliyində bir sıra problemlər yaradacaq.

Aydın məsələdir ki, temperaturun yüksəlməsi insanların sağlamlığı və sosial rifahı üçün də böyük təhlükə yaradır, ətraf mühitə ciddi mənfi təsir göstərir, çoxlu sayda heyvan və bitki növlərini yox olmaq təhlükəsi ilə üz-üzə qoyur.

Azərbaycanda qlobal istiləşmənin mənfi nəticələrinin yaratdığı problemləri daha çox ölkənin kənd təsərrüfatı sektoru hiss edir. İqlim dəyişikliyi səbəbindən ölkədə su ehtiyatları azalır, kənd təsərrüfatı torpaqlarının suvarılması problemi ciddi xarakter alır. Bu da təsadüfi deyil. Dünya Resursları İnstitutunun araşdırmalarına görə, Azərbaycan 2040-cı ildə ciddi quraqlıqla üzləşə biləcək ölkələr arasında 18-ci yerdədir. Bunun özü artıq çox ciddi bir siqnaldır.

Təbii ki, iqlim konfransının Bakıda keçirilməsi regionun bu kimi problemlərinin də ciddi müzakirəsinə və müvafiq qərarların qəbul edilməsinə gətirib çıxaracaq. Amma COP29-un Azərbaycan üçün faydalarını bununla məhdudlaşdırmaq doğru olmazdı.

COP29-un Bakıda təşkili qlobal ekoloji problemlərin həllində fəal iştirak edən ölkə kimi Azərbaycana beynəlxalq imicini möhkəmləndirmək üçün unikal şans verəcək. Bu, Azərbaycana beynəlxalq iqlim məqsədlərinə sadiqliyini nümayiş etdirməyə və özünü dünya miqyasında məsuliyyətli oyunçu kimi göstərməyə yol açacaq. Dövlət başçısı təsadüfən demir ki, dünyada hər kəs bir daha görəcək ki, neft və qaz ölkəsi olan Azərbaycanın gündəmində “yaşıl” enerji var. Yaşıl enerjinin yaradılması və dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritet istiqamətidir.

Digər tərəfdən, iqlim diplomatiyası ilə məşğul olmaq yalnız ölkənin etibarını artırmayacaq, həm də ona böyük iqtisadiyyatlar, inkişaf etmiş ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələri gücləndirməyə imkan verəcək. Bundan əlavə, Azərbaycan beynəlxalq şirkətlər və investorlarla yeni əlaqələr qurmaq fürsəti qazanacaq, bu da ölkənin iqtisadi tərəqqisinə töhfə verə və ekoloji təmiz layihələrə investisiya cəlb edilməsinə yol açar.

Beynəlxalq tədbirin iqtisadi faydalarına gəldikdə isə, onu xüsusi qeyd edək ki, COP29 Azərbaycanda “yaşıl” iqtisadiyyatın inkişafı üçün katalizator ola bilər. Konfransda müzakirə olunan məsələlərin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan bu tədbirdən yararlanaraq bərpaolunan enerji, təmiz texnologiyalar və sənayenin modernləşdirilməsi ilə bağlı layihələrə investisiya yatırmaq imkanı qazanar.

Bütün bunlarla yanaşı, Bakı konfrans günlərində turist axınından, eləcə də mehmanxana, restoran və nəqliyyat sektorlarına artan tələbatdan iqtisadi cəhətdən faydalana biləcək. Belə beynəlxalq tədbirlər işgüzar dairələrin diqqətini tez-tez cəlb edir və bu da uzunmüddətli investisiyalar üçün əlavə imkanlar yaradır.

COP20 ölkənin iqlim siyasəti və ekoloji təşəbbüslərinin irəli sürülməsində də əhəmiyyətli rol oynayacaq. Azərbaycan artıq karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinə keçid istiqamətində ciddi addımlar atır. COP29-a evsahibliyi etmək ölkəyə ekologiya və iqlim sahəsində öhdəliklərini gücləndirməyə, həmçinin bu layihələrin həyata keçirilməsi üçün beynəlxalq dəstək almağa imkan verəcək.

Qlobal iqlim gündəmi kontekstində Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyata malik bir dövlətin iqlim dəyişikliyinin təsirlərinin azaldılması üzrə qlobal səylərə necə töhfə verə biləcəyini göstərməklə regionun digər ölkələri üçün nümunə olacaq. COP29-un Azərbaycanı günəş və külək enerjisi potensialından, xüsusilə enerjinin şaxələndirilməsi kontekstində daha fəal istifadə etməyə sövq edəcəyi də istisna deyil.

COP29 müddətində iqlim və ekologiya sahəsində regional əməkdaşlıq üçün mühüm platformaya çevriləcək Azərbaycan, sonrakı mərhələdə Qafqaz və Mərkəzi Asiya ölkələrinin vahid iqlim strategiyasının hazırlanması üzrə səylərinin əlaqələndirilməsində əsas rol oynayacaq və bu, regional lider kimi ölkənin geosiyasi mövqelərini gücləndirəcək. Bundan əlavə, region ölkələrinin Azərbaycanın təklif etdiyi müzakirələrdə və təşəbbüslərdə iştirakı ekosistemin qorunması, su idarəçiliyi və təbii ehtiyatlardan davamlı istifadə kimi sahələrdə fəaliyyətlərin əlaqələndirilməsinə kömək edəcək.

Hazırda iqlim dəyişikliyi sahəsində qarşıya qoyulmuş vəzifələrin həllində heç şübhəsiz, innovasiya və texnologiya əsas diqqət mərkəzindədir. Bu baxımdan COP29 həm də iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş innovativ texnologiyaların və yanaşmaların təqdimatı üçün platforma olacaq. Azərbaycan fürsətdən yararlanıb beynəlxalq texnologiya şirkətlərinin və tədqiqat mərkəzlərinin diqqətini sənaye və şəhər infrastrukturuna müasir ekoloji texnologiyaların tətbiqi üzrə layihələrə cəlb edə bilər.

BMT-nin ən böyük humanitar tədbirinin – COP29-un Bakıda gerçəkləşməsi Azərbaycana enerjiyə qənaət, havanın təmizlənməsi, tullantıların və suların idarə edilməsi sahəsində bilik və qabaqcıl həllərdən faydalanmağa da imkan verəcək ki, bu da ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına yardım edəcək.

Məhərrəm SƏFƏRLİ,
“Həsən bəy Zərdabi” mükafatı laureatı



Ekologiya