Şəhid övladları “Təbiət üçün əl-ələ” veriblər

post-img

Oktyabrın 26-da Çinin Azərbaycandakı səfirliyi, Heydər Əliyev Fondu və Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Təbiət üçün əl-ələ” şüarı altında ağacəkmə aksiyası keçirilib. Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda təşkil olunan ağacəkmədə şəhid övladları da iştirak ediblər.

Layihənin təşəbbüskarı, Milli Məclisin deputatı Soltan Məmmədov aksiyanın Azərbaycanda keçiriləcək COP29 konfransına dəstəyin və ümumilikdə təbiətin qorunması ilə bağlı təşəbbüslərlə həmrəyliyin ifadəsi olduğunu vurğulayıb: “Bu aksiyaya cəlb olunan uşaqların ataları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək, həm də uzun illər ərzində ekosidə məruz qalmış böyük bir bölgəni ekoloji fəlakətdən xilas ediblər. Ona görə də bu uşaqların belə bir aksiyada iştirakı xüsusi məna daşıyır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr içərisində ən önəmlilərdən biri şəhid ailələrinə dəstəkdir. Əminəm ki, bu tədbir bizim bir-birimizlə təmasımızı artıracaq”.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao belə nəcib təşəbbüslərə dəstək olmaqdan məmnunluğunu ifadə edib. Ətraf mühitin qorunması və ekoloji problemlərin həllində gənclərin fəal iştirakının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “COP29 ərəfəsində belə bir təşəbbüsün həyata keçirilməsi isə xüsusi əhəmiyyət kəsb edir. Aksiyada iştirak edən uşaqlara təhsillərinə xüsusi önəm verməyi, bilik və bacarıqlarını daim təkmilləşdirməyi, dünyamıza fayda verəcək daha yaxşı kadrlar kimi yetişməyi arzulayıram”.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında qeyd olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən bu aksiya təbiətə qayğının nümunəsi olmaqla yanaşı, şəhid ailələrinin daim diqqət mərkəzində olduğunun göstəricisidir.

Milli Məclisin deputatı Günay Əfəndiyeva, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bu cür təşəbbüslərin cəmiyyətdə ümumi maraqlarla bağlı məsələlər ətrafında həmrəyliyə mühüm töhfə verdiyini vurğulayıblar.

Aksiyada iştirak edən şəhid baş gizir Mirzə Axundovun qızı Zərifə Axundzadə həm maraqlı vaxt keçirdiyini, həm də yeni dostlar qazandığını deyib. Ağacəkmə aksiyasının iştirakçıları arasında olan və bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında Xəzər rayonu üzrə ən yüksək bal toplayanlar Hüseyn Zeyqəm və Aydan Xanəhmədli gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu və ölkəmizin inkişafı naminə böyük işlər görə biləcəyini qeyd ediblər.

Tədbirin sonunda Heydər Əliyev Fondu, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi adından şəhid övladlarına hədiyyələr təqdim olunub. Tədbir çərçivəsində, həmçinin şəhid övladlarına “Vəhşi robot” cizgi filmini izləmək imkanı yaradılıb.

XQ



Sosial həyat