Naxçıvanda “GreenFest” keçirilib

post-img

Naxçıvan şəhərindəki “Saat meydanı” İstirahət Mərkəzində “GreenFest”in açılışı olub. Mərasimdə çıxış edən muxtar respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qədim diyarda “GreenFest”in COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirildiyini qeyd edib.

COP29-un Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətinə toxunan S. Seyidəhmədli bildirib ki, bu tədbir respublikamızın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə verdiyi dəstəyi bir daha göstərir və ölkəmizin ekoloji problemlərin həllinə sadiqliyini nümayiş etdirir: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin və Naxçıvan Muxtar Respublikasının “yaşıl” enerji zonası elan olunması ölkəmizdə, bütövlükdə, iqlim dəyişikliyi sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi yüksək dəyərləndirilməlidir”.

“GreenFest”in də vacib dövrdə keçirildiyini və mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan S.Seyidəhmədli əminliklə ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29 ölkəmizdə uğurla keçiriləcək, Azərbaycan bir daha dünyanı narahat edən məsələlərə münasibətdə öz sözünü deyəcək və ədalətli mövqeyini ortaya qoyacaq.

Muxtar respublikada COP29 və “Yaşıl dünya naminə həmrəylik ilinə hazırlıq”la bağlı yaradılmış İşçi qrupunun rəhbəri, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov qədim diyarda bu istiqamətdə görülən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, 2024-cü il fevralın 23-də Naxçıvanda bununla bağlı müşavirə keçirilib, işçi qrupu yaradılıb və bu istiqamətdə muxtar respublikada görüləcək tədbirlər müəyyənləşdirilib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda da ətraf mühitin mühafizəsinin gücləndirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib.

“GreenFest” çərçivəsində keçirilən ekoloji startap layihələrinin qalibləri mükafatlandırılıb, sərgi ilə tanışlıq olub.

Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan

Ekologiya