“Yaşıl” biznes standartı

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, bu qurumun təşəbbüsü və dəstəyi ilə hazırlanan “yaşıl” biznesin idarəedilməsi sistemləri” dövlət standartı bu modelə keçmək istəyən sahibkarlar üçün faydalı sənəddir.

Məlumatda qeyd edilir ki, iqlim dəyişiklikləri ilə mübarizə, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə fonunda “yaşıl” bizneslərin önəmi artmaqdadır. “Yaşıl” biznes dedikdə ekoloji və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ətraf mühitə və cəmiyyətə müsbət təsir göstərən iş modeli nəzərdə tutulur. Fəaliyyətində “yaşıl” prinsipləri əsas götürən bizneslər ətraf mühitə, necə deyərlər, dost olur, resurslardan daha səmərəli istifadə edir, az tullantı yaradır, ekoloji təmiz məhsul və xidmətlər istehsalını gerçəkləşdirir. Bir sözlə, “yaşıl” biznes yalnız gəlir əldə etməyi deyil, həm də ətraf mühitin və cəmiyyətin rifahını ön planda tutmağı hədəfləyir.

Ətraf mühitə münasibətdə məsuliyyətli davranış istehsal zamanı birbaşa təsirlərin aradan qaldırılması ilə məhdudlaşmır, ümumilikdə, “yaşıl” davranışların təşkilatın bütün biznes proseslərinə və idarəetmə sisteminə inteqrasiyasını zəruri edir. Bu baxımdan, “yaşıl” planlama, “yaşıl” idarəetmə üzrə strategiya və siyasətlərin hazırlanması və tətbiq olunması əhəmiyyətlidir.

Ekoloji təmiz xammal və materialların seçilməsi, su, enerji və torpaq ehtiyatlarından səmərəli istifadə, tullantıların düzgün idarəedilməsi, “yaşıl” maliyyələşmə kimi amillər “yaşıl” fəaliyyətin təşkili üçün zəruridir. Yaşıl biznes idarəetmə sisteminin tətbiqi ilə yanaşı, onun mütəmadi olaraq monitorinqinin aparılmasına, qiymətləndirilməsinə və təkmilləşdirilməsinə də diqqət yetirilməlidir.

Bu yaxınlarda qəbul edilmiş AZS 962:2024 “Yaşıl biznesin idarə edilməsi sistemləri” dövlət standartı bizneslərin hansı istiqamətdə hansı “yaşıl” prinsipləri tətbiq edə biləcəyini göstərməklə, həm də faydalı təlimat rolunu oynayır. Yeni standartın tətbiqi bizneslərin, o cümlədən kiçik və orta biznes (KOB) subyektlərinin “yaşıl” biznes modelinə keçidini asanlaşdırmaqla qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına imkan verəcək. KOB-ların ətraf mühitə təsirinin minimuma endirilməsini, resurslardan səmərəli istifadəni və ekoloji məsuliyyəti artırmağı nəzərdə tutan yeni standart, həmçinin ekoloji innovasiyaların stimullaşdırılmasına xidmət edəcək.

Qeyd olunub ki, AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı “ESDGoals” MMC tərəfindən təqdim edilən standart layihəsi çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi” (AZSTAND/TK 08) və “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitələrdə (AZSTAND/TK 09) müzakirə edilib, ümumi razılıq əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilərək qəbul olunub.

Xatırladaq ki, dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində KOBİA-nın təşəbbüsü və dəstəyi ilə hazırlanmış yeni standart beynəlxalq müstəvidə ilk belə təcrübələrdəndir.

 

Ekologiya