COP29 ekoloji fəlakətə qarşı qlobal mübarizə cəbhəsidir

post-img

COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mediaya açıqlamasında 2015-ci ilin Paris İqlim Sazişinin 6-cı maddəsinin iki alt bəndinin razılaşdırılmasının COP29-da ən əhəmiyyətli müzakirə mövzularından biri olacağını bildirib.

M.Babayev daha sonra Paris İqlim Sazişinin sözügedən maddəsinin qəbulunun əvvəlki COP-ların və Bakıda keçiriləcək COP29-un çoxsaylı danışıqlarının mövzusu kimi diqqət mərkəzində saxlanılacağını vurğulayıb. “Düzdür, bununla əlaqədar bəzi məsələlər razılaşdırılsa da, digərləri barədə hələlik konkret nəticəyə gəlinməyib. Əgər ölkələr 6.2, 6.4 və 6.8-in kritik alt bəndlərini özündə birləşdirən 6-cı maddə üzrə razılığa gələ bilsələr, bu, COP29-da çox vacib qərar olacaq”, – deyə ekologiya və təbii sərvətlər naziri xatırladıb. M.Babayev 6.2 və 6.4-cü alt bəndlərin ən böyük mübahisə doğuracağını da diqqətə çatdırıb.

Qeyd edək ki, 2015-ci il Paris İqlim Sazişinin 6-cı maddəsində deyilir: “Tərəflər istixana qazı emissiyalarının azaldılması üçün milli səviyyədə müəyyənləşdirilmiş töhfələrin həyata keçirilməsində könüllü əməkdaşlıqdan istifadə edirlər”. Beləliklə, 6-cı maddə faktiki olaraq istixana qazları emissiyalarının azaldılmasını stimullaşdıran 3 mexanizm (6.2, 6.4 və 6.8-ci alt bəndlər) müəyyən edir: 1) BMT ölkələri arasında emissiyaların azaldılması nəticələrinin uçotu və ticarəti (yəni, karbon kvotaları - Maddə 6.2), 2) karbon kvotalarının və kreditlərinin ticarəti üçün BMT-nin mərkəzləşdirilmiş mexanizminə uyğun olaraq iqlim layihələrinin həyata keçirilməsi (Maddə 6.4), 3) iqlim dəyişikliyinin nəticələrin yumşaldılması üçün qeyri-bazar yanaşmaları (Maddə 6.8).

COP29-un prezidentinin sözlərinə görə, indiyədək 6.2 və 6.4-cü alt bəndlərdə 6-cı maddənin tətbiqi qaydaları razılaşdırılmayıb, lakin 6.8-ci maddə üçün artıq hazır sənəd var. Bu məqamda onu da xatırladaq ki, karbon kvotaları əslində müəyyən bir ölkənin (şirkətin) texnologiya və ya digər üsullarla istehsal əməliyyatları zamanı müəyyən həcmdə (kiloqram və ya tonla) istixana qazlarının emissiyalarını necə azalda bildiyinin uçotudur.

M.Babayev, həmçinin qeyd edib ki, Bakıda keçiriləcək COP29 digər məsələlərin və təşəbbüslərin müzakirəsi üçün platformalar yaradacaq. Bu platformalarda səsləndiriləcək təşəbbüslər arasında BMT-nin Baş katibi Antoniu Quterreş tərəfindən dəstəklənən Karib hövzəsi ölkələrinin “həmrəylik vergisi”nin tətbiqi təşəbbüsü də var. Xatırladaq ki, Karib hövzəsi ölkələri gəmiçilik, aviasiya və qalıq yanacaq hasilatı kimi sektorlardan (iqlim problemlərini həll etmək üçün) “həmrəylik vergisi” tutmaq təşəbbüsü ilə çıxış ediblər.

BMT-nin Baş katibi bu yaxınlarda sosial media hesabında bu təşəbbüsü yüksək dəyərləndirib və iqlim təşəbbüslərinə daha çox özəl kapitalın cəlbini, habelə inkişaf etmiş ölkələrin də iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyəni ikiqat artırmalarının və öhdəlikləri yerinə yetirmələrinin zəruriliyini bildirib.

COP29-da səsləndiriləcək təşəbbüslərdən söz düşmüşkən, onu da vurğulayaq ki, bir neçə ölkə dəniz nəqliyyatı ilə yük daşınmasına, hava səyahətlərinə vergi tətbiq olunması təşəbbüsü ilə çıxış edib ki, bu da əsasən “biznes klass” sərnişinlərinə və ya çarter reyslərə və s. şamil edilir. Hər kəsin yanaşması fərqlidir, bu, müzakirə mövzusudur. Bu cür təşəbbüslərin Bakıda müzakirəsi üçün müəyyən platformalara yer veriləcəyi də nəzərdə tutulur.

COP29-a hazırlıq prosesi Prezident İlham Əliyevin daimi nəzarəti altındadır. Dövlətimizin başçısı bir sıra çıxışlarında Azərbaycanın COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyinivurğulayıb. Şuşa Zirvə görüşündə qəbul olunmuş “Qarabağ Bəyannaməsi”ndə qardaş türk dövlətləri tərəfindən isə COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın ardıcıl səyləri dəstəklənib.

Xatırladaq ki, COP konfransları indiyədək BMT-nin himayəsi altında keçirilib. Bu beynəlxalq qurumun İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının da cari ilin noyabrında Azərbaycanda reallaşdırılacağı qərara alınıb. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda gerçəkləşən COP28 plenar iclasında qəbul edilib.

Beləliklə, bu il bütün postsovet məkanında ilk dəfə Azərbaycan Respublikasının mötəbər qlobal tədbirə evsahibliyi edəcəyi ölkəmizin tarixi uğurlarından biri olmaqla, eyni zamanda, beynəlxalq aləmin vahid mövqedən çıxış edərək COP29-un paytaxtımızda keçirilməsinə qərar verməsi respublikamızın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir.

Beynəlxalq birliyin belə bir qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı isə 120 ölkənin dəstəyini qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir.

Azərbaycanın COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini bir sıra digər məqamlar da şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial–iqtisadi inkişaf və möhkəm ictimai sabitliyə nail olması ilə bağlıdır. Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra ölkəmizin dünyada daha güclü dövlət kimi tanınması da bu məsələdə önəmli rol oynayır.

Azərbaycanın COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də respublikamızda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. Bütün bunlarla bərabər, ölkəmizin ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir. Bu, statistik göstəricilərdən də aydın gürünür. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının həcmini 35 faizə və 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşıya mühüm vəzifə kimi qoyur.

Onu da bildirək ki, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

Neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl enerji” növlərinin yaradılmasını və onun dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirib. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması da məhz vurğulanan siyasətdən qaynaqlanıb. Şübhəsiz ki, bu zaman Prezident İlham Əliyevin bu sahədə – bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayıb.

Beləliklə, COP29 sülhə, əmin-amanlığa yol açır, rifaha xidmət edir. Azərbaycan ilə Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında COP-la bağlı əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir. COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır. Bir sözlə, COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir. Məsələ ilə bağlı ilk iclasın dövlətimizin başçısının rəhbərliyi ilə keçirilməsi də bu fikrin parlaq ifadəsidir.

 

Ekologiya