Neft-qaz şirkətlərinin gömrük orqanları ilə əməkdaşlığı

post-img

Gömrük Komitəsində Dövlət Neft Şirkəti və BP-nin podratçı qurumlarının nümayəndələri arasında keçirilən görüşdə respublikamızda fəaliyyət göstərən neft-qaz təşkilatlarının gömrük orqanları ilə əlaqələrinin genişləndirilməsi müzakirə edilib. Hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı gömrük ərazisinə gətirilən və buradan daşınan malların rəsmiləşdirilməsinin sürətli şəkildə həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşan biznes subyektləri ilə əlaqələrin gücləndirilməsi zəruriliyi vurğulanıb.

Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gömrük sistemində məmnunluğun və şəffaflığın təmin edilməsi, biznes yönümlü layihələrin rəqəmsallaşması istiqamətində ciddi addımlar atılır və biznes nümayəndələri ilə bu cür mütəmadi görüşlərin keçirilməsi zamanı səsləndirilən təkliflər inzibatçılıqda aparılan təkmilləşdirilmələrin səmərəliliyinin artırılmasına əhəmiyyətli təsir göstərir.

Qeyd olunub ki, gömrük orqanlarının əsas hədəflərindən biri də gömrük–biznes münasibətlərinin tərəfdaşlıq müstəvisində qurulmasıdır ki, bu da gömrük əməliyyatlarının asan və sürətli şəkildə reallaşdırılmasını şərtləndirir.

Görüşdə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu kimi tədbirlərin neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən qurumlarla gömrük orqanları arasında əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm önəm daşıdığını vurğulayıb.

İqtisadiyyat