Banklar ekoloji savaşa dəstək verir

post-img

Məqsəd istixana qazlarının 35 faiz azaldılmasına nail olmaqdır

Azərbaycan Banklar Assosiasiyası bank sektorunda 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bu addım Azərbaycan hökumətinin iqlim hədəflərinə dəstək verir və bank sektorunun ekoloji məsuliyyətini gücləndirir.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu”nda çıxışı zamanı deyib.

Z.Nuriyev qeyd edib ki, dayanıqlı bankçılıq mövzusunda atılmış addımlardan biri ABA-nın Ətraf mühit, sosial və idarəetmə (ESG) strategiyasının hazırlanması idi. Strategiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd - Dayanıqlı maliyyə imkanlarının, ESG məlumatlılığının artırılması, ESG imkanlarını təkmilləşdirilməsi üzərində qurulub.

“Bu məqsədlərə çatmaq üçün ümumilikdə 10 təşəbbüs müəyyənləşdirilib. Bura banklarda dayanıqlı məhsulların təkmilləşdirilməsi, təcrübə mübadiləsi fəaliyyətlərinin gücləndirilməsi, ESG məlumatlılıq kampaniyalarının inkişaf etdirilməsi, insan kapitalının inkişafı, bank sektorunda rəqəmsallaşma səviyyəsinin artırılması kimi təşəbbüslər daxildir. ESG strategiyasının uğurla həyata keçirilməsi üçün təşəbbüslərə xidmət edən 97 strateji tapşırıq müəyyən edilib. Bu tapşırıqlar, hər bir təşəbbüs üçün konkret addımları və nailiyyətləri müəyyənləşdirir, həmçinin bank sektorunda ESG-nin tam inteqrasiyasını dəstəkləyir”, - deyə ABA sədri qeyd edib.

Zakir Nuriyev onu da əlavə edib ki, Azərbaycan hökuməti iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf hədəfləri çərçivəsində Paris Sazişi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) kimi beynəlxalq sazişlərə uyğun ciddi addımlar atır: “Bu hədəflər, əsasən, istixana qazı emissiyalarının azaldılması, enerji sektorunun dekarbonizasiyası, təmiz texnologiyaların təşviqi və yenilənə bilən enerji mənbələrinin istifadəsi kimi sahələri əhatə edir. Bank sektoru isə bu hədəflərin reallaşmasında mühüm tərəfdaş kimi çıxış edir. Azərbaycan Banklar Assosiasiyasının ESG strategiyası çərçivəsində nəzərdə tutulan təşəbbüslər, bank sektorunun ekoloji məsuliyyətini gücləndirərək bu hədəflərə dəstək verir”.

Assosiasiya sədrinin sözlərinə görə karbon emissiyalarını azaltmaq üçün Azərbaycana 2060-cı ilə qədər 44 milyard dollar investisiya lazımdır.

İqlim maliyyəsi axınları son on il ərzində yüksələn templə artmaqdadır. Lakin bu həcm Paris Sazişinin məqsədlərinə çatmaq üçün tələb olunan səviyyədən çox geri qalır.

O bildirib ki, araşdırmalara görə, 2030-cu ilədək illik olaraq 8-9 trilyon dollar, 2050-ci ilə qədər isə illik 10-11 trilyon dollar iqlim maliyyəsi tələb olunur. Bu məbləğ “net sıfır” üçün ümumilikdə təxminən 270 trilyon dollar təşkil edir. Müqayisə üçün, bu gün qlobal ÜDM isə təqribən 100 trilyon dollardır. Bununla belə, izlənilən qlobal iqlim maliyyəsi ilk dəfə 2022-ci ildə 1 trilyon dolları ötüb və 1,3 trilyon dollara çatıb.

Müxtəlif tədqiqatlar mövcud siyasətlərin davam etdiyi təqdirdə, istiləşmənin 3°C-ni aşacağını və bunun 2050-ci ilədək ÜDM-in ən azı 18 faizi, 2100-cü ilə qədər isə 20 faizi qədər makroiqtisadi itkilərə səbəb olacağını göstərir. Məsələyə ölkə miqyasında baxdıqda isə Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatında Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar məbləğində investisiyaya ehtiyac olduğu bildirilir. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun iştirakı ilə - 60 faizi hökumət və ictimai qurumlar tərəfindən, qalan 40 faizi isə banklar tərəfindən maliyyələşdirilməsi təmin edilə bilər”, – deyə Zakir Nuriyev əlavə edib.

Assosiasiya sədri onu da vurğulayıb ki, bu çağırışların öhdəsindən gəlmək üçün həm dövlət sektoru, həm də özəl sektor tərəfindən investisiyaların cəlb edilməsinə dəstək verilməlidir. Dövlət və beynəlxalq maliyyə qurumları, eləcə də xarici investorlar ilə əməkdaşlıq gücləndirilməli, banklar tərəfindən yaşıl kreditlər və digər iqlim maliyyə alətləri təqdim edilməlidir. Yaşıl maliyyə üçün dövlət-özəl tərəfdaşlıqları genişlənməli, banklar yaşıl kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazara dəstək verməlidir. Gələcək 36 il ərzində banklar tərəfindən yaşıl maliyyəyə yönləndirilməsi məqsədə uyğun hesab edilən həcm 17.6 milyard dollardır. Yəni növbəti dövrdə təqribən bank sektorumuz hazırkı kredit portfeli böyüklüyündə vəsaiti sırf yaşıl layihələrə yönləndirməlidir – bu, olduqca böyük bir çağırışdır.

 

Ekologiya