Avropanın “qurtuluşu” yaxınlaşır

post-img

Avropa İttifaqı “tələsindəki pendirə” daha yaxın düşən yoxdur

Avropa İttifaqının 50-ci illərdə polad və kömür sənayesinin qarşısında duran vəzifələri yerinə yetirmək üçün Avropanın 6 xristian dövləti tərəfindən yaradılması heç kimə sirr deyil. O zaman Avropa Birliyi şəklində yaradılmış ilkin variant ölçülüb biçilmiş qurum idi. Çünki o, oxşar mentalitetə, ortaq inanca, mədəniyyətə və ölkənin dəyərləri haqqında ümumi ideyalara sahib olan insanları birləşdirirdi.

Bu gün isə bütün bunlar boş rəsmiyyətə çevrilib. 1950-ci ildə yaranan Kömür və Polad İttifaqı ilk növbədə iqtisadi layihə olsa da, Aİ-nin hazırkı versiyası sırf bürokratik bir qurumdur. Birincisi Avropanın sənaye və iqtisadi tərəqqi liderlərini özündə birləşdirirdisə, ikincisi tamamilə sistemsiz şəkildə 28 ölkəyə qədər genişlənib. İndi məhz bu genişlənmə təkcə Avropa İttifaqının deyil, bütövlükdə Qədim Dünyanın başağrısına çevrilib.

Əslində, müasir Avropa strukturu uyğun gəlməyən təbəqələşmiş elementlərdən ibarətdir, çünki onun əsas üzvləri “iki sürətli” Avrozona haqqında fikirlər daşıyırlar, xarici oyunçular isə artıq onu çökdürməyə başlamışlar...

Səmimi etiraf edək ki, 1970-1980-ci illərdə milli maraqların ahəngdar şəkildə inkişaf etdiyi Avropadan indi əsər-əlamət qalmayıb. Sual oluna bilər ki, axı nə baş verdi? Avropanın siyasi elitaları birdən birə belə qərara gəldilər ki, avropalıların milli maraqları olmamalıdır. Amma bunun yerinə ortaq maraqlar tapmadılar. 25 il ərzində insanların beyninə yeritdilər ki, onların heç bir milli maraqları yoxdur, guya onlar bütün Avropa üçün ümumi olan bəzi dəyərlərdən, maraqlardan çıxış edirlər. Nəticə göz qabağındadır. Bütün gördüklərimiz bizə məntiqsiz görünən bir çox məsələləri izah edir və Aİ-nin dağılmasının birinci səbəbini də məhz burada axtarmaq lazımdır.

Fərdi hörmət əvəzinə – mədəniyyəti ləğv edin, söz azadlığı əvəzinə – “üz-üzə qoyun”, “gərginlik yaradın” və “böhtan atın” kimi təkliflər olunur, azad sahibkarlıq əvəzinə - biznesə vergi və psevdo-ekoloji təzyiqlər göstərilir. Dinə (xüsusilə 2024-cü ildə Paris Olimpiadasının açılışından və bağlanışından sonra) və eləcə də əsrlərlə formalaşan ailə dəyərlərinə gəldikdə isə, onlardan danışmaq bu gün Avropada ayıb sayılır. Bu tələblərin arxasında dayanan nədir?

Ermənistan kimi bəzi postsovet ölkələrinin xarici siyasət kursundan aydın görürük ki, ehtiyat oyunçular skamyası onlar üçün çoxdan hazırlanıb. Bu skamyadakı personajlardan gözləntilər odur ki, onlar uzun müddət öz ölkələrinin milli maraqlarını deyil, Amerika Birləşmiş Ştatlarının maraqlarını həyata keçirəcəklər. Avropada da vəziyyət eynən buna bənzəyir. Bunun nə vaxta qədər davam edəcəyi isə birbaşa avropalı seçicilərə ünvanlanan sualdır.

İnsanları həmişə heyrətə gətirmək, aldatmaq, ehtiyac olmayan bir şeyi etməyə inandırmaq olar. Amma aydın bir həqiqətdir ki, « bütün xalqı həmişə aldada bilməzsiniz». Çox güman ki, bu, Avropa ölkələrinin xalqlarına da aiddir.

Avropa bürokratiyası hər hansı bir şəkildə onun mövqeyindən fərqli mövqe tutan, məsələn, müstəqil siyasət yeridən Azərbaycan kimi istənilən ölkədən çox narazıdır. İndi bu yanaşma, hakim elitası milli maraqları və vətəndaşlarının rifahını müdafiəyə qalxan qonşu Gürcüstanda da Aİ emissarlarının planlaşdırdıqları çox qalmaqallı hadisələrlə nəticələnir. Gürcüstanın hazırda nümayiş etdirdiyi mövqe, tarixi, ənənəvi dəyərlərin qorunmasına və müstəqilliyindən milli maraqlar üçün istifadə etməyə qalxması dünənə qədər onu dəstəkləyən Avropa İttifaqını qəzəbləndirməyə başlayıb. Çünki Avropa Komissiyası Azərbaycan, Gürcüstan kimi gənc müstəqil dövlətlərin müstəqil davranışında maraqlı deyil.

Doğrudur, Azərbaycan enerji resurslarına çox böyük ehtiyacı olan Aİ-yə çox lazımdır. Amma Avropaya inteqrasiyanın indiki modeli milli maraqlardan imtinanı əsas şərt kimi irəli sürdüyündən və bunda güzəştə getmədiyindən Bakı bununla razılaşmır və Avropa siyasi elitasının qəzəbi ilə qarşılaşır. Onlar açıq etiraf etməsələ belə, Avropanın bir çox dərin siyasi düşüncə sahibləri də artıq başa düşüblər ki, Avropa İttifaqı orada cəmləşən ölkələrinin özlərini saldıqları bir tələdir. Bu tələyə qoymağa isə pendir qurtarır.

Hətta əhalinin böyük bir hissəsi belə, ənənəvi olaraq Avropa İttifaqını milli hökumət strukturları üzərində faydasız və bahalı üst qurum hesab edir. Buna güclü qıcıqlandırıcı əsas səbəb isə demokratik defisitdir. Bu, milli dövlətlərin üst quruma çevrilən Aİ-na təsir imkanlarının olmamasıdır. Bu gün real olaraq avropalı vətəndaşların rəsmi Brüsselə effektiv təsir göstərə bilməsi üçün kanalları yoxdur. Doğrudur, birbaşa seçilən yeganə orqan Avropa Parlamentidir, lakin onun geniş səlahiyyətlərinə baxmayaraq, Aİ-nin siyasətini o, müəyyən etmir. Real güc Avropa Komissiyasının dəhlizlərində cəmləşib və orada da bütün taleyüklü qərarlar ən böyük ölkələrin siyasi liderlərindən gəlir.

Hələ 2011-ci ilin sentyabrında keçirilən “Eurobarometer” sorğusunda üzə çıxmışdı ki, respondentlərin 30%-i onların səsinin Aİ-də nə isə bir məna kəsb etdiyinə inansa da, 62%-i buna əsla əmin deyillər. Avropa İttifaqının əsas qərarlarının təşəbbüskarı olan və onları qəbul edən Komissiya və Şura vətəndaşlar qarşısında cavabdeh deyil və seçicilərin narazılığı olduqda, təkrar seçkilər və ya etimadsızlıq səsverməsi yolu ilə kənarlaşdırılma riski daşımır. Bu səbəbdən də vətəndaşlar demokratik prosedurlar çərçivəsində avropalı məmurlara təsir edə bilmədiklərindən sərt üsullarla hərəkət etməli olurlar.

Avropa İttifaqının ağrılı nöqtəsi ondadır ki, Berlin divarı yıxılandan sonra Avropa adından danışmaq və Avropa dəyərlərini formalaşdırmaq hüququnu monopoliyaya alıb. Beləliklə, milyonlarla insan tərəfindən Avropa və Aİ arasında qoyulan bərabərlik işarəsi meydana gəlib. Əgər belədirsə, onda vətəndaşların Brüsselin boğaza qədər yığılmış problemlərə görə məsuliyyət daşıdığını və onları səmərəli şəkildə həll edəcəyini gözləmək haqqı var. Üstəlik, cari məsələlərdə milli hökumətlərin və Avropa İttifaqının orqanlarının səlahiyyətləri aydın şəkildə bölünürsə, ümumavropa miqyaslı məsələlərdə bu sərhəd çox cüzi nəzərə çarpır.

Qərbi Avropada hələ 1950–1960-cı illərdə inteqrasiyanın məqsəd və vasitələri ilə bağlı geniş ictimai müzakirələr aparıldı. Avropa İttifaqı hələ də məhz o zaman hazırlanan əsas ideoloji və elmi konstruksiyalar üzərində dayanır. O vaxtdan bəri heç bir müzakirə aparılmayıb, hətta konstitusiya müqaviləsinin mətnini hazırlayan konvensiyanın iclaslarında belə bir müzakirənin davam etdirilməsinə cəhd olunmayıb. Ona görə də, Aİ-də ideyalarla real həyat arasındakı uçurum getdikcə daha aydın nəzərə çarpır.

XX əsrin sonunda Sovet Rusiyası və ABŞ nəhayət, dünyanı böldü və Avropa o zamandan sovet-Amerika qarşıdurması üçün bir poliqona çevrildi. 1991-ci ildən sonra isə Avropanı müstəqil xarici siyasət sahəsində daha böyük itkilər gözləyirdi. Çünki həmin vaxtda sistem ölümcül yanlış addım atdı və özünə heç bir parametrdən uyğun gəlməyən Şərqi Avropa “respublikalarını” sürətlə udmağa başladı.

Amma gözləntilərin əksinə olaraq, bərabərhüquqlu birləşmə baş vermədi. Qərbi Avropa Şərqi Avropanı qəbul etmədi, sadəcə onu uddu. Resursları qarət edib, sovurub aparan, SSRİ tərəfindən orada qurulan sənayeni məhv edən Qədim Dünya, münasib olmayan lazımsız rəqibi bətnindəcə boğdu. Hökumətləri dotasiya iynəsinə oturdub, əhalinin loyallığını kreditlərlə satın aldı.

Rəfləri dolduran Qərb malları xalqı gələcəyə və nəticələrə nəzər salmağa çağıran sağlam düşüncə sahiblərinin səslərini, tez bir zamanda boğdu. Onlar düşünürdülər ki, bu tendensiya ilə yeni Avropa ölkələri nəhayət, 10-20 ildən sonra subyektivliyini itirəcək. Tamamilə asılı olacaqlar və özləri heç nə yarada bilməyəcəklər. O zaman uca səslə bəyan olunan illər gəlib keçdi və biz indi eybəcərləşməkdə olan bir mənzərəni izləməkdəyik.

Şərqi Avropanı formal olaraq “yuxarı çəkmək” və onun öz gücü ilə Qərbi Avropa səviyyəsində yaşaya bilməsi üçün ayrılmış yüz milyardlarla avroluq dəstək fiaskoya uğradı. Budur, indi, Brüsseldən subsidiyalar olmadan hər hansı müstəqillikdən, hətta indiki səviyyəni saxlamaqdan belə söhbət getmir. Lakin yardım proqramı 4 ildir ki, başa çatıb. Amma yardımlar və dotasiyalar davam edir. Əslində bu, Aİ-nin dağılması üçün ilkin şərtdir.

İllərdir rusofobiya dalğasını “qidalandıran” Qərbi Avropa, artıq indiki vəziyyətdə bunu davam etdirə bilməz. Xüsusən də Marşal planı gerçəkləşərkən tək bir Polşaya bütün Avropadan nə qədər çox vəsait ayrıldığını təəccüblə izləyən Almaniya buna heç getməz. Çünki təkcə 2004-cü ildən 2014-cü ilə qədər Varşava ixtisaslaşdırılmış proqramlar çərçivəsində Brüsseldən 101,3 milyard avro alıb. Lakin Almaniya çoxdan Avropa donoru olmasına baxmayaraq, daha az vəsaitdən istifadə edə bilir və nəticədə onun əsas donor olmasına imkan verən sənayesi isə çökməkdədir.

Birqütblü dünyanın gerçəkləşməyə doğru getdiyi və Aİ-nin sürətlə genişlənməsindən başlayaraq Aİ siyasəti ilə ayrı-ayrı ölkələrin maraqları arasında sürtünmə də güclənməkdədir. Bu, Avropa İttifaqının dağılmasına aparan ikinci səbəbdir. Moskvanın gözlənilmədən böyük dövlətlərin arenasına qayıtması və anqlosaksların kənar əllərlə onun inkişafını ləngitmək qərarına gəlmələri Brüsseli xaosa çəkdi. Heç kim tərəfindən seçilməyən funksionerlər ABŞ və İngiltərənin təzyiqi ilə Avropa Birliyi ölkələrinə destruktiv göstərişlər verməyə başladılar.

Saysız-hesabsız, mənasız sanksiyalardan və digər addımlardan təkcə xalq deyil, iqtisadiyyat, böyük bizneslər də zərər çəkdi və bu, artıq hər bir ölkənin hakim təbəqəsinin ambisiyalarına təsir edir. Küyə düşüb anti-Rusiya hücumlar dəstəklədilər. Amma bunula yanaşı Aİ sıralarında da parçalanma meyilləri yetişməyə başladı. Bu günlər keçirilən görüşlərin və ya danışıqların heç biri bu çətinlikləri həll edə bilməz, çünki problemlərin kökünə əsla toxunulmur. Əgər ABŞ-da baş qaldıran elitaların müharibəsi alovlanmağa başlamasaydı və Buşların, Klintonların və sairələrin simasında köhnə transmilli elitalar hakimiyyətə gəlsəydi, onda parçalanma öz-özünə baş verəcəkdi.

Aİ üçün zərərli olan anti-Rusiya addımlarının kompensasiyası ilə bağlı vədləri köhnə ABŞ hakim elitası verdi, hakimiyyətə isə tamamilə yeni adamlar gəldi. 2017-ci ildə Ağ evin sahibi seçilən Tramp hesabları ödəməkdən imtina etdi və rusofobiyanın ağırlığı avropalıların öz çiyninə düşüb onları tədricən əzməyə başladı. Bundan sonra ABŞ siyasi olimpinə qatı anti-rusiyaçı olan Co Bayden yüksəldi. Vəziyyət daha da ağırlaşdı. Co Bayden hakimiyyəti Avropaya maliyyə dəstəyi əvəzinə, özünün silah istehsalçılarının qeydinə qalıb Şərqi Avropada yeni münaqişə ocağını – Rusiya-Ukrayna müharibəsini alovlandırdı. Təbii ki, Aİ məqsədli şəkildə Rusiya-Ukrayna müharibəsinin “cərimələrini” ödəməyə sıx şəkildə cəlb edildi. Bu müharibənin ardından İsrail Şərqdə müharibəni alovlandırdı. Bütün bunlardan sonra Aİ-nin bir sıra siyasi qüvvələrinin gözlənilmədən şiddətli reaksiyası və Avropanın əhəmiyyətli hissəsinin anti-Rusiya sanksiyalarına son qoymağa çağırışları artmağa başladı.

Amerika iqtisadiyyatı tədricən Avropa mallarını hətta Avropa bazarlarından da sıxışdıracaqdı. Yaxın dövr üçün ən yumşaq ssenari belə idi. Sonradan zəif və dağılacaqlarını gümün etdikləri Rusiya dünya səhnəsinə çıxdı və iqtisadi yüksəlişdə olan Çin hegemonun taxt-tacını silkələməyə başladılar. Nəticədə, əks tədbirlər görmək üçün vasitələrin məhz indi lazım gəldiyi bir vaxtda, Amerika isteblişmenti artıq alternativlər axtara bilmir. Buna görə də Aİ fəal şəkildə məhv edilir.

Avropanın bürokratik elitası ciddi cəhdlə digər üzvləri də faydalı olduqlarına inandırmağa çalışır. Əsl həqiqətdə isə onlar heç kimə lazım deyillər. Bu elitanın əsas vəzifəsi Amerikanın Avropa İttifaqına bürokratik nəzarətçi funksiyasını yerinə yetirmək idi, lakin Aİ-nin yaxın gələcəkdə ləğv edilməsi planlaşdırıldığı üçün üstqurum yararsız hala salınıb. Acı gülüş doğursa da, lakin indiki halda, assosiasiyalarla deyil, ayrı-ayrı ölkələrlə iş görmək ABŞ üçün də, elə Rusiya və Çin üçün də faydalıdır.

Üçüncü səbəb - daxili iqtisadiyyatdır. İqtisadi nöqteyi-nəzərdən Avropa İttifaqı vaxtilə bu yola çıxdığı eyni dövlətlərlə kifayətlənir: Almaniya, Fransa, Benilüks (Belçika, Niderland və Lüksemburq), eləcə də İtaliya. Qalan ölkələr isə dotasiyalarla onların hesabına yaşayır və yalnız sistemin irəliləməsini ləngidirlər. Vaxtı ilə Moskvanı öz azadlıqları və müstəqillikləri üçün rəsmi olaraq tərk edən bütün Şərqi Avropa ölkələri məhz bu dəyərləri pula sataraq, özlərini təslim etdilər. İndi iqtisadi geosiyasi reallıq belədir ki, əvvəlki formada yardım siyasəti başa çatır, Qədim dünya çətinliklər yaşayır və özü də okeanın o tayından şantaj obyektinə çevrilib.

Dağılmanın iqtisadi səbəblərinin kökü hazırkı Aİ-nin mövcud dilemmanı başqa cür həll edə bilməməsindədir. O, vaxtilə Yunanıstanın, Baltikyanı ölkələrin, Polşanın, Macarıstanın və bura daxil olan digər ölkələrin bazarlarını, əmək və elmi potensialını mənimsəmək üçün onların sənayesini və iqtisadiyyatını şəxsən məhv edib. Nəticədə, Qədim Dünya şəxsən onları dotasiya iynəsinə oturdaraq, öz inkişafına daha da böyük maneələr yaratdı.

Yeri gəlmişkən, onu da açıq demək lazımdır ki, ilk vaxtlarda dotasiyalar Aİ-nin xeyrinə işləyirdi və çünki düstur adi müstəmləkə düsturu idi – yad ölkələrin istehsalını məhv etmək, sonra onları borcda boğub tabe etmək. Aydın məsələ idi ki, onlar bu vəsaiti metropoldan gələn mallara xərcləyəcəkdilər. Lakin indi dotasiyaların mənbəyi tükənib. İldə təxminən 12 milyard avroya yaxın üzvlük haqqı ödəyən Britaniya 45 illik ittifaqdan sonra Aİ-dən çıxıb.

(ardı var)

İlqar RÜSTƏMOV
XQ

Siyasət