Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı, nazirliyin rəhbər şəxslərinin iştirakı ilə “Town Hall” formatında konfrans keçirilib. Toplantıda aqrar sahədə görülən işlər və nəzərdə tutulan layihələr müzakirə edilib, aqrar sahənin aktual mövzularına dair təqdimatlar olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən redaksiyamıza bildirilib ki, COP29 çərçivəsində noyabrın 19-da keçiriləcək “Qida, kənd təsərrüfatı və su günü” sessiyasında “İqlim dəyişikliyi və kənd təsərrüfatı” mövzusuna xüsusi toxunulacaq, 14 qlobal təşəbbüs sırasında yer alan kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərinə həsr olunan “Bakı Harmoniya İqlim Təşəbbüsü” təqdim ediləcək.
Konfransda “İşğaldan azad edilmiş ərazilərdə aqrar siyasətin tətbiqi və strukturlaşma” mövzusunda qrup çalışması həyata keçirilib. Burada Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumlarının rəhbər şəxsləri, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təmsilçilərinin iştirakı ilə komanda şəklində işğalçıdan təmizlənən ərazilərdə aqrar potensialın, zəruri infrastrukturun qurulması, istehsal və emalın təşkili, bu sektorda elmtutumlu, innovativ, yeni nəsil texnologiyaların tətbiqi istiqamətləri müzakirə olunub. Fəal interaktiv formatda keçən tədbirdə təkliflər ümumiləşdirərək müzakirəyə təqdim edilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov belə formatda görüşlərin mütəmadi keçirilməsini dəstəklədiyini, nazirliyin müxtəlif qurumlarının daha da koordinasiyalı çalışmasını, fermer yönümlü fəaliyyətin, vətəndaş müraciətlərinin diqqətdə saxlanmasını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.