“Görsən ki, qiyamət qopur...”

post-img

“Qırmızı kitab”ı da “Yaşıl kitab”a çevirək

Qarşınızda iki yol var. Yolların hər ikisi sizi getmək istədiyiniz məkana aparır. Birinci yol digərinə nisbətən qısadır. Lakin bu yolda görəcəyiniz mənzərələr–susuzluqdan cadar–cadar olmuş torpaq, suyu qurumuş göl, Günəş şüasının qovurduğu otlaq sahələri qəlbinizi təəssüf hissi ilə dolduracaq.

İkinci yol bir qədər uzaq olsa da, yaşıllıqlar qoynundan, dağların sinəsindən keçib gedir. Bu yolda təmiz hava udacaq, bulaq suyundan içib rahatlanacaq, gözəl mənzərələri seyr edib təbiətin ən böyük rəssam olduğunu bir daha yəqin edəcəksiz. Bir sözlə, yol boyu həm qəlbiniz, həm də gözləriniz sevinəcək.

Təbii ki, çoxlarınız ikinci yolla getmək istəyəcək. Çünki zəngin təbiət, gözəl hava insana sağlamlıq, yeni ruh verir.

Təbiətin ağciyərləri – meşələr

Alimlər deyirlər ki, bir vaxtlar Yer üzünün çox hissəsi daha sıx meşələrlə örtülü olub. Başqa sözlə, Allah-Təala bütün canlıların yaşaması üçün onlara hər cür və bol nemət bəxş edib. Lakin son iki əsrdə insanlar təbiətə ölçüyəgəlməz yaralar vurublar. Bunun nəticəsidir ki, artıq meşələr çox seyrəlib. Meşələrin seyrəlməsi isə getdikcə dəhşətli ekoloji hadisələrin baş verməsinə, iqlim dəyişikliyinə səbəb olur. İndi hamımızın vahid evi olan Yer kürəsi fəlakət qarşısındadır. Bunun qarşısını almaq üçün isə, ilk növbədə, ətraf mühitə atılan zərərli tullantıların qarşısını almaq, zəhərli qazların həcmi azaltmaq, meşələri və əkinəyararlı torpaqları yaxşıca qorumaq, yaşıllıqları genişləndirmək lazımdır. Bu yaxınlarda Azərbaycanın evsahibliyi edəcək beynəlxalq COP-29-da (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında) dünya ölkələrinin liderləri, siyasətçilər, alimlər bu ciddi problemdən çıxış yolları tapmağa çalışacaqlar.

Meşələri təbiətin ağciyəri adlandırırlar. Çünki meşələr nəfəs aldığımız havanı təmizləyir. Hava təmiz olmadıqda isə nəinki insanın, eyni zamanda bütün canlıların yaşaması, inkişafı çox çətindir. Meşələrdən həm tikinti materialları, həm də yanacaq mənbəyi kimi də geniş istifadə edilir.

Meşə əraziləri fəsillərin normal şəkildə dəyişməsini təmin etmək və yağıntının miqdarını nizama salmaqla yanaşı, milyonlarla canlının yaşayış, inkişaf yeridir. Alimlər müəyyən ediblər ki, meşə və meşəətrafı ərazılərə, bitki örtüyü zəif olan sahələrə nisbətən, təqribən 50 faiz az çox yağıntı düşür. Bir hektar meşə, ağacların böyüklüyünə və sıxlığına görə, bir ildə, orta hesabla, 3 tondan 6 tonadək zəhərli karbondioksid qazını udur, qlobal istiləşmənin təsirini fotosintez prosesi ilə azaldır. Ümumiyyətlə, qlobal istiləşmənin təsirinin azaldılması üçün belə ərazilərin sahəsinin artırılması çox vacibdir.

Hər ağac bir canlı çeşmədir

Ağac deyəndə çoxlarının ağlına dadlı meyvələr gəlir. Amma hər kəs bilir ki, ağac təkcə meyvə demək deyil. Ağac həm də kölgəlikdir, nəfəs aldığımız oksigendir, ən yaxşı inşaat materialıdır, ən sonda odundur.

Bağ-bağçanın yaraşığıdır ağac. Yazda çiçəkdir, ətrafa yayılan xoş qoxudur, bal arılarını sevdiyi ünvandır....

Alimlərin bildirdiyinə görə, 70-80 yaşlı bir ağac saatda havaya 1,7 kiloqram oksigen buraxır. Bu isə 72 insanın bir sutka ərzində oksigenə olan ehtiyacını ödəyir. Eyni zamanda həmin yaşlı ağac saatda 2,3 kiloqram zəhərli karbondioksid qazını udur. Bu isə 40 insanın 1 saatda havaya buraxdığı karbondiokdin miqdarına bərabərdir.

Bir hektar meşə sahəsi ildə 30–40 ton, bir hektar ağcaqayın meşəsi 68 ton tozu havanın tərkibindən təmizləyir. Buna görə də inkişaf etmiş ölkələrdə böyük sənaye şəhərlərinin havasını təmizləmək üçün həm şəhər daxilində, həm də ətrafında geniş meşə zolaqları salırlar.

22 aprel – Beynəlxalq Yer Günü bayramı son illər 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Beynəlxalq Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər.

Ağaları əkib-becərdikcə, özəlliklərini öyrəndikcə onların insanlara və ətrafımızdakı canlılara necə gərəkli olduğunu daha yaxşı bilmiş oluruq. Məsələn, bir çox tırtıl və böcəklər ağac yarpaqları yeyib yaşayırlar. Quşlar da onları yeyir və balalarına da verirlər. Yabanı heyvanların, quşların bir çoxu ağac və kollarda yetişən meyvələrlə- fındıq, ceviz və sairlə bəslənirlər.

Ağaclar həm də quşlar və böcəklər, həşəratlar üçün sığınacaq yeridir. Onlar ağaların budaqlarında və koğuşlarında yuva qurur, bala çıvarırlar. Qurumuş budaqlar daha çox ağacdələnin işinə yarayır. Arılar, sicablar da ağacda yaşayırlar.

Ağacın faydaları bunlarla bitmir. Ağaclar kökləri ilə torpağı möhkəm saxlayır, onun yağış suları ilə yuyulub getməsinin qarşısını alır. Bu isə torpaqların münbitliyinin qorunmasına kömək edir və bəzi ekoloji fəsadların qarşısını alır. Peyğəmbərimiz Həzrəti Məhəmməd buyurmuşdur:"Görsən ki, qiyamət qopur, əlindəki fidanı torpağa basdır".

Hər kəsin “yaşıl imza”sı

Artıq təbiət payız libasını geyinib. Ağaclar yarpaq paltarını soyunurlar və tezliklə qış yuxusuna gedəcəklər. Bir azdan ölkəmizdə ağacəkmə kampaniyasına start veriləcək, pataxtımızda və bölgələrdə torpağa minlərlə ağac və gül kolları basdırılacaq. Hər bir soydaşımız bu tədbirdə fəal iştirak etməli, Vətən torpağının daha yaşıl və gözəl olması üçün qüvvəsini əsirgəməməlidir.

Səməd MƏLİKZADƏ



Ekologiya