Dəmir yollarımız da karbonla mübarizəyə qoşulur

post-img

Bakıda keçirilən “Azərbaycanda dəmiryol texnologiyalarında innovasiyalar: Alman şirkətləri üçün tərəfdaşlıqlar və imkanlar” adlı forumunda qurumun Tədqiqat və İnkişaf Mərkəzinin rəisi vəzifəsini icra edən Orxan Əhmədzadə “Azərbaycan Dəmir Yolları”nda dekarbonizasiya strategiyası və ekoloji təmiz texnologiyalara investisiyaya, bərpaolunan enerji mənbələrindən istifadəsinə və enerji səmərəli infrastrukturun modernləşdirilməsinə yönəlmiş fəaliyyət planı hazırlandığını bildirib.

Qeyd edilir ki, dayanıqlı inkişaf “Azərbaycan Dəmir Yolları”nın inkişaf strategiyasının əsas hissələrindən biridir: “Biz dekarbonizasiya strategiyası və fəaliyyət planı hazırlayırıq. Bu plana ekoloji təmiz texnologiyalara investisiyalar, bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi daxildir. Gələcəkdə Azərbaycan dəmir yolları təhlükəsizlik, səmərəlilik və real vaxt rejimində qərar qəbulu proseslərini yaxşılaşdırmaq üçün süni intellektin geniş tətbiqini də planlaşdırır”.

Qurum rəsmisi daha sonra bildirib ki, süni intellekt infrastrukturun monitorinqi, hərəkət tərkibinin və infrastrukturun texniki xidmət tələblərinin proqnozlaşdırılması, qatar cədvəllərinin idarə edilməsi və yüklərin emalının optimallaşdırılması üçün istifadə olunacaq. Bu, daha sürətli geri dönüş, daha yüksək dəqiqlik və biznes üçün daha etibarlı xidmətlər təmin edəcək.

 

Ekologiya