Dünya Bankının Azərbaycanda “yaşıl” yatırımı

post-img

Enerji səmərəliliyi 509 milyon dollar gəlir gətirəcək

Dünya Bankının (DB) energetika üzrə baş mütəxəssisi Yasemin Orucu Azərbaycanda enerji səmərəliliyi mövzusunda keçirilən təqdimatda ictimai binalarda enerjidən səmərəli istifadə olunması ilə elektrik enerjisi istehsalına sərf edilən əlavə təbii qaz həcmləri ixracının ölkəyə ildə 509 milyon dollar gəlir gətirə biləcəyini vurğulayıb.

Y.Orucunun sözlərinə görə, ictimai binalarda enerji səmərəliliyinin gerçəkləşdirilməsi ilə bağlı indiki tədbirlər hesabına Azərbaycanın elektrik enerjisinə qənaət üçün texniki potensialı istehlakın 50 faizini təşkil edir ki, bu da enerji təchizatı xərclərinə ildə 154 milyon ABŞ dollarına qədər qənaət etməyə imkan verəcək.

Baş mütəxəssis qeyd edib ki, söhbət ümumi sahəsi 40 milyon kvadratmetr olan 45 min ictimai binanın enerji səmərəliliyinin artırılmasından gedir: “Biz yaşayış sektorunda binaların enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlamağı və onların əhatə dairəsini tədricən digər sektorlarda da genişləndirməyi təklif edirik. DB-nin qiymətləndirməsinə görə, ictimai binalarda enerji səmərəliliyi tədbirləri sayəsində illik ümumi enerji istehlakının 0,9 faizdən 3,1 faizə qədər enerjiyə qənaət etmək mümkündür. Bu, öz növbəsində, ildə əlavə 644 milyon kubmetr təbii qazın (hazırda elektrik enerjisi istehsalı üçün sərf olunur) ixracı və 509 milyon dollara qədər əlavə gəlirin təmin edilməsi deməkdir”.

Y.Orucu qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsinə pilot layihələrdən başlamaq olar. Hökumətin bu istiqamətdə görəcəyi çox iş var. Ölkədə Enerji Səmərəliliyi Fondunun yaradılması zəruridir. Bundan başqa, enerjiyə qənaət edən avadanlıqların əlçatanlığı məsələsi də həllini tapmalıdır.

Baş mütəxəssis onu da bildirib ki, qeyd edib ki, DB-nin qiymətləndirməsinə görə, Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi (binaların izolyasiyası və səmərəli istilik cihazlarının istifadəsi) 2060-cı ilə qədər xalis sıfır emissiyası ssenarisi çərçivəsində 2050-ci ildə yaşayış sektorunda binaların isidilməsi və soyudulması üçün enerji tələbatını 60 faizdən çox azalda bilər.

Onun sözlərinə görə, 2030-cu ilə qədər yekun tələbin 5 faiz, 2050-ci ilə qədər isə 15 faiz azalmasına nail olmaq üçün elektrik enerjisinin bütün son istehlak sektorlarında enerji səmərəliliyinin artırılması siyasəti tətbiq edilməlidir.

 

Ekologiya