8 milyard insan Bakı konfransından xilas yolu gözləyir

post-img

COP29 kollektiv məqsədin müəyyənləşdirilməsi istiqamətində bir testdir. Dünyanın belə tədbirlərə böyük ehtiyacı var. Beynəlxalq aləm bacardığımızı görməlidir. Qarşıdakı aylar çox önəmlidir. Cəsarətli olmağa, fəaliyyəti gücləndirməyə ciddi ehtiyac duyulur. Geriyə yol yoxdur, yalnız irəli getmək tələb olunur.

Bu sözləri BMT Baş katibinin birinci müavini Amina Mohammed PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1.5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusundakı tədbirdə deyib.

“Troyka ölkələri” bizdən iqlim dəyişikliyi ilə mübarizədə müsbət nəticələrin qeydə alınması üçün koordinasiya olunan dəstək tələb edir. Biz lazımi dəstəyi üzərimizə götürməklə bütün sektorların hökumət səviyyəsində əməkdaşlığını istəyirik. Vaxt tükənir. Beynəlxalq ictimaiyyətin götürdüyü öhdəliklər yerinə yetirilməlidir. “Troyka ölkələri” çərçivəsində milli öhdəliklərin necə həyata keçirilməsini monitorinq etmək və milli iqtisadiyyatlardakı dəyişiklikləri izləmək niyyətindəyik. Digər vacib məsələ maliyyə dəstəyinin təmin edilməsi istiqamətində birgə işləməkdir. Bir sıra ölkələr keçid ərəfəsindədir və onlara dəstək göstərilməlidir. 8 milyard insanın gözləntisini həyata keçirmək üçün ambisiyalı olmalıyıq və qlobal əməkdaşlıq lazımdır”, – deyə Amina Mohammed qeyd edib.

Ekologiya