Pre-COP29 konfransı çərçivəsində “Ümumdünya iqlim şəffaflığına qlobal dəstəyi gücləndirmək” mövzusunda keçirilən yan tədbirdə COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına bütün mərhələlərdə, o cümlədən potensialın gücləndirilməsi üzrə təlimlərin keçirilməsində öz dəstəyini göstərməyə hazır olduğunu bildirib.
F.Korvaro ötən il 2 mindən çox ekspert üçün keçirilən təlimlərin təşkilində fəal çalışdığını, inkişaf etməkdə olan ölkələrə ikiillik şəffaflıq hesabatlarının hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməyə hazır olduğunu da vurğulayıb.
Xüsusi nümayəndənin sözlərinə görə, genişləndirilmiş şəffaflıq çərçivəsində universal iştirakı təşviq etmək məqsədi daşıyan Bakı Qlobal İqlim Şəffaflığı Platforması olduqca əhəmiyyətlidir: “Mən bütün ölkələri şəffaflığa olan sadiqliklərini bir daha vurğulamağa və ən qısa zamanda öz ikiillik şəffaflıq hesabatlarını təqdim etməyə çağırıram. Çünki bu, bütün ölkələrin ümumi maraqlarına xidmət edir”.