COP29-un baş danışıqçısı Yalçın Rəfiyev mediaya açıqlamasında İqlim Maliyyəsi Fondunun yaradılmasının Azərbaycanın təşəbbüslərindən biri olduğunu bildirib və yeni maliyyə mexanizminin qurulmasında əsas məqsədin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək olduğunu vurğulayıb. O, bunun üçün qrant əsaslı 1 milyard dollar vəsait toplanılmasının zəruriliyini xatırladıb.
Baş danışıqçısı Y.Rəfiyev bildirib ki, İqlim Maliyyəsi Fondu Azərbaycan fondu olmayacaq, çoxtərəfli bir maliyyə qurumu kimi fəaliyyət göstərəcək. Fondun işində tərəfdar dövlətlər də iştirak edəcək və rəhbərlər bu sahəyə töhfə verən ölkələrdən seçiləcək. Çoxtərəfli maliyyə təşkilatları onun fəaliyyətinə nəzarət edəcək. Bakı sadəcə, bu fondun katibliyinə evsahibliyi edəcək.
Onun sözlərinə görə, indiyədək kiçik ada dövlətlərinin şikayətlərindən biri o idi ki, təbii fəlakət baş verəndə onlar beynəlxalq təşkilatlara müraciət etsələr də bu, nəticəsiz qalır. Ona görə də Azərbaycan alternativ maliyyə qurumunun yaradılması təşəbbüsünü irəli sürdü və bu, müsbət dəyərləndirildi.
Y.Rəfiyev bildirib ki, ayrılacaq vəsaitin 50 faizi iqlim fəaliyyətinə və “yaşıl” enerji texnologiyalarına yönəldiləcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə “2R2F” adlandırılan maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə istiqamətləndiriləcək. İqlim Maliyyəsi Fondu kiçik və orta bərpaolunan enerji istehsalçılarına da dəstək göstərəcək.
“Biz hamımız o fikridəyik ki, indi hərəkətə keçməliyik. İqlim üzrə maliyyənin hazırkı miqyası kifayət qədər deyil. 1,5 ºC-yə gedən yol Bakıdan keçir. Bu, asan həll yolu deyil. Biz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, qlobal Cənub və qlobal Şimal arasında, ada və qitə ölkələri arasında inam yaratmalıyıq. COP29-u hər kəsin səsinin eşidildiyini hiss edəcəyi əhatəli mühit olmasını təmin etməyəkdə qərarlıyıq”, - deyə baş danışıqçı bildirib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidini qəbul edərkən də bu barədə fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı ölkəmizin “yaşıl” keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışaraq inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.
COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də ayrı-ayrı çıxışlarında iqlimlə bağlı bütün səylərin dəstəklənməsində maliyyənin mühüm rol oynadığını vurğulayıb. O, bu sahədə irəliləyişlərin əldə olduğunu qeyd edərək, eyni zamanda, qlobal maliyyə institutlarına məqsəd və fəaliyyətlərində daha da irəliləmək barədə çağırışlarını bildirib.
“Qlobal maliyyə institutları bizim yaşamaq üçün əlverişli planet və yoxsulluqdan azad bir dünya yaratmaq niyyətimizlə bağlı artıq müsbət mesajlar veriblər və onlar iqlimlə bağlı öhdəliklərini konkret fəaliyyətlərlə gücləndirirlər”,– deyə COP29-un prezidenti xatırladıb. Onun sözlərinə görə, iqlim maliyyəsini daha geniş miqyasda əlçatan etmək üçün bu qurumlar genişmiqyaslı tədbirlər görməlidirlər. Biz fəaliyyətlərimizi ən mümkün yüksək məqsədlər səviyyəsində aktivləşdirməliyik. Biz dünən həyata keçirilməsi mümkün olmayanları bu gün gerçəkləşdirməliyik. Tərəfləri bir araya gətirmək, keçmiş vədlərin yerinə yetirilməsinə əmin olmaq və geridə heç nə qoymamaq üçün əlimizdən gələni etməkdən usanmamalıyıq.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib ki, İqlim Maliyyəsi Fondu 1 milyard ABŞ dolları həcmində kapitallaşdırmaq məqsədi daşıyan ilkin fandreyzinq mərhələsi başa çatdıqdan və 10 iştirakçı ölkə səhmdar kimi öhdəlik götürdükdən sonra fəaliyyətə başlayacaq.