COP29 günlərində Türkiyə qardaş Azərbaycana hər cür dəstək verəcək. Bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuat nümayəndələrinə açıqlamasında deyib. Respublikamızın dost və qardaş ölkə olduğunu vurğulayan M.Kurum iqlim konfransının dünya üçün əhəmiyyətli qərarların qəbul ediləcəyi bir platforma olmasını dilədiyini də diqqətə çatdırıb.
Türkiyəli nazir COP29-da inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizələrində maliyyə resurslarına çıxışını asanlaşdıracaq addımların atılmasını gözlədiklərini də vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın “2053–sıfır emissiya” hədəfinin dünya ilə paylaşıldığını xatırladan M.Kurum rəhbərlik etdiyi nazirliyin iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya sahəsində çox önəmli addımlar atdığını bildirərək “istəyirik ki, gələcək nəsillər üçün təmiz bir dünya yaradaq”, – deyib.
Nazir bərpaolunan enerji mənbələrindən istifadə edərək Türkiyənin enerji tələbatını qarşılayacaqlarını və bu sahədəki gücü hər keçən gün artırdıqlarını bildirib. O, İqlim Qanununun bu il Türkiyə Böyük Millət Məclisindən keçəcəyini və bu mövzudakı qərarlı mövqelərini ortaya qoyacaqlarını da qeyd edib.