Pre-COP29 konfransı çərçivəsində keçirilən “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə çıxış edən Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra geosiyasi problemlərin çox mürəkkəb məsələ olduğunu, Dubayda əldə olunan nailiyyətlərin Bakıda da genişləndiriləcəyinə böyük ümid bəslənildiyini bildirib. O, “bizim 2050-ci ilədək xalis sıfır karbon emissiyasına nail olmaq məqsədimiz var”, –deyə vurğulayıb.
Komissar qeyd edib ki, bu sahədə elmi araşdırmalar üçün digər ölkələrə dəstək olmaq vacibdir: “Bir sıra layihələr var ki, bunların icrası mütəxəssislərin iştirakı ilə sürətləndirilməlidir. İqlim dəyişikliyinin Yer kürəsinə təsiri və ölkələrin bu istiqamətdə görməli olduğu işlər müzakirə olunmalıdır. Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaq istəyirik”.