Qarabağ təmiz enerji zonasına çevriləcək

post-img

Ölkəmizin işğaldan azad edilmiş ərazilərinin alternativ və bərpaolunan enerji mənbələri ilə zənginliyi Birləşmiş Millətlər Təşkilatının tribunasından da səsləndirilib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 16-cı plenar iclasında çıxışı zamanı məlumat verib. Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər sıfır emissiya zonasına çevriləcək.

Təmiz ətraf mühit və “yaşıl” iqtisadi artımın yeni milli inkişaf strategiyamızın beş prioritet sahəsindən birinə çevrildiyini vurğulayan C. Bayramovun sözlərinə görə, ölkəmiz buna müvafiq olaraq istixana qazı emissiyalarını daha da azaltmağın yollarını araşdırır və 1,5 dərəcə Selsi ilə uyğun gələn milli prioritetlər yaratmağa çalışır. Nazir Azərbaycanın bu məqsədə çatmaq üçün bir neçə ay əvvəl 2030-cu il üçün “Qlobal Metan Vədi”nə qoşulduğunu da diqqətə çatdırıb. 

“Biz həmçinin 2050-ci ilə kimi Qarabağda və Şərqi Zəngəzurda “yaşıl” enerji zonaları yaradacaq və karbon neytrallığına nail olacağıq. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində, davamlı inkişafa töhfə verməkdə, yoxsulluğun aradan qaldırılmasında və regionda və onun hüdudlarından kənarda milyonlarla insanın təmiz enerjiyə keçidinə kömək etməkdə mühüm rol oynamağa davam edəcək”, – deyə nazir əlavə edib.

Xarici işlər naziri onu da deyib ki, 2030-cu ilə qədər Azərbaycanda bərpa­olunan enerji mənbələrinin ümumi quraşdırılmış elektrik gücünün 30 faizini təşkil edəcəyi gözlənilir. O, bu yüksək məqsədin, ilk növbədə, enerji səmərəliliyini artırmaq və şəhər mühitində, nəqliyyat sistemində, eləcə də sənayedə innovativ həllər təqdim etmək üçün qoyulduğunu vurğulayıb.

Ekologiya