Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kameranın sözlərinə görə, qlobal miqyasda bərpaolunan enerji mənbələrinin 40 faizinin reallaşdırılmasına nail olunub.
Lakin buna baxmayaraq hazırda qlobal istiləşmənin 1,5 selsi səviyyəsindən aşağı saxlanılması üçün transmissiyanın həcminin 3 giqavatdan 2030-cu ildə 10 giqavatadək artırılması zərurəti ilə üzləşilib.
Qarşıda duran bu vəzifəni gerçəkləşdirmək üçün genişhəcmli investisiyanın tələb edildiyini bildirən baş direktor bunun üçün, ilk növbədə, sərmayələrin daha ədalətli şəkildə ölkələrə yönəldilməsinin dövlət sektorunun müdaxiləsindən asılı olduğunu deyib.
Françesko La Kameran, eyni zamanda, bərpaolunan enerji mənbələrinin reallaşdırılması məqsədilə inkişaf etməkdə olan ölkələrə daha çox vəsait yönəltmək üçün kollektiv səylər tələb edildiyini, yeni enerji sisteminin inkişafını sürətləndirmək məqsədilə lazımi fiziki infrastrukturun qurulmasının vacibliyini vurğulayıb.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru daha sonra deyib: “Bir sıra ölkələrin bu sahədəki fəaliyyətinə diqqət yetirəndə fərqli mənzərə nəzərə çarpır. Məsələn, Almaniya hazırda dünyada bərpaolunan enerji mənbələrinin inkişafında və tətbiqində haqlı olaraq lider sayılır. Bu dövlət hərtərəfli düşünülmüş enerji siyasəti və sözügedən sektorun inkişafının onilliklər boyu dəstəklənməsi sayəsində bərpaolunan enerjinin təbliğində, nəzəri texnologiyaların iqtisadiyyatda tətbiqində mühüm rol oynayır.
Almaniyada 2030-cu ilə qədər elektrik enerjisi tədarükünün yarıdan çoxunun və bütün enerjinin təqribən üçdəbir hissəsinin məhz bərpaolunan enerji mənbələri hesabına təmin edilməsi planlaşdırılır. Ekspertlərin bu sahədə apardıqları təhlillər göstərir ki, qarşıya qoyulan məqsədə çatmaq üçün Almaniyada böyük potensial var”.
Qeyd edək ki, 4 il bundan əvvəl Almaniya hökuməti kömürdən istifadənin azaldılması, külək, günəş və bioqaz enerjisinin rolunun artırılması barədə qərar imzalayıb. Elə həmin dövrdə bu ölkədə istehsal edilən elektrik enerjisinin 51,2 faizi bərpaolunan mənbələrdən alınıb və bu, böyük göstərici kimi qiymətləndirilib.
Almaniyada elektrik stansiyalarının bir qisminin hələ də kömürlə işlədiyini vurğulayan ekspertlər bildirirlər ki, bu qazıntı yanacağının çıxarılması 2018-ci ilin sonunda dayandırılıb. Həmin vaxtdan daş kömür yalnız idxal edilib. Ölkə bazarına daş kömürün əsas təchizatçısı isə Rusiya olub, bütün idxalın təqribən yarısı bu dövlətin payına düşüb. Lakin Ukraynada aparılan müharibə səbəbindən Moskvanın Rusiya qazına görə ödənişin yalnız rubl ilə reallaşdırılması barədə tələbi “yaşıl” enerjiyə keçidin sürətləndirilməsi məsələsini daha da aktuallaşdırıb.
Ekspertlərin proqnozlarına əsasən, Almaniyanın elektrik energetikasında kömürlə işləyən elektrik stansiyaların payının azaldılması ilə əlaqədar çox ehtimal ki, daş kömür alınması getdikcə azalacaq və bu, qonur kömürə tələbatın aşağı düşməsinə gətirib çıxaracaq. Beləliklə, Almaniya elektrik energetikasında ən çirkli enerji daşıyıcısı kimi kömürdən istifadəyə 2038-ci ilə kimi son qoyacaq.
Bildirilir ki, Almaniyada 2023-cü ilin əvvəlindən etibarən, dizel yanacağı, benzin, mazut və təbii qazın yandırılması zamanı əmələ gələn karbon qazının hər tonuna görə 25 avro ödənilməsi qərara alınıb. Bu isə avtomobil yanacağının və mənzillərin qızdırılmasının bahalaşması ilə nəticələnib.
Almaniyada atmosferə karbon qazı tullantılarına görə, ödəniş tədricən artırılacaq və 2025-ci ilədək karbon qazının hər tonuna ödənişin məbləği 55 avroya çatdırılacaq. Bu da, öz növbəsində, elektrik avtomobillərindən istifadəyə keçid prosesini sürətləndirəcək.
Son illərdə ABŞ-də də “yaşıl” enerji layihəsinin həyata keçirilməsində mühüm nəticələr əldə edilib. Ölkənin energetika informasiya idarəsinin məlumatında 2020-ci ildə ABŞ-də ümumi enerji istehlakının, təqribən, 12,6 faizinin və istehsal edilən elektrik enerjisinin, təqribən, 19,8 faizinin bərpaolunan enerji mənbələrinin payına düşdüyü bildirilib.
2019-cu ildən bəri külək energetikası Birləşmiş Ştatlarda bərpaolunan elektrik enerjisinin ən iri istehsalçısıdır. 2020-ci ildə külək enerjisi sayəsində 338 teravat-saat elektrik enerjisi istehsal olunub. Bu, ölkədə elektrik enerjisi istehsalının ümumi həcminin 8,4 faizi və bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının ümumi həcminin 43,2 faizi deməkdir. 2021-ci ilin oktyabr ayı üçün olan məlumata görə, ABŞ-də külək energetikasının sənədlərdə göstərilən gücü 130 meqavata yaxın olub.
ABŞ-də bərpaolunan elektrik enerjisinin ikinci ən böyük istehsalçısı hidro-energetikadır. Belə ki, 2020-ci ildə elektrik enerjisinin ümumi həcminin, təqribən, 7,3 faizi və bərpaolunan elektrik enerjisi istehsalının ümumi həcminin 36,4 faizi bu mənbə hesabına yaranıb. Birləşmiş Ştatlar dünyada hidroelektrik enerjisinin ən iri istehsalçıları arasında Çin, Kanada və Braziliyadan sonra dördüncü yeri tutur.
Alternativ mənbələrdən “yaşıl” enerji alınması ilə bağlı müsbət nəticələr əldə edilməsinin Almaniya və Birləşmiş Ştatlar nümunəsini Azərbaycan hər zaman dəstəkləyib və bu, ölkəmizdə sözügedən istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələrlə oz ifadəsini tapıb. Respublikamızda dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan COP29-un cari ilin noyabr ayında keçirilməsi qərarı elan ediləndən dərhal sonra “yaşıl enerji”nin inkişafı istiqamətində reallaşdırılan layihələrin icrası daha da sürətlənib. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin bu barədə məlumatına diqqət yetirsək, qısa müddətdə görülən genişmiqyaslı işlər haqqında aydın təsəvvür yaranar. Məsələn, Naxçıvan Muxtar Respublikasında qısa bir dövr ərzində “Yaşıl enerji zonası”nın yaradılması istiqamətində külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal gücləri xarici investisiya hesabına yaradılıb və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropaya ixracı əsas hədəf kimi qarşıya qoyulub. Hazırda muxtar respublikada gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanları araşdırılır.
Ümumiyyətlə, təkcə Naxçıvan deyil, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur da “yaşıl” enerji mənbələrinin yüksək potensialı ilə fərqlənir. Belə ki, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialı yüksək qiymətləndirilir. BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Bundan əlavə, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə imzalanan müqavilələr çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.