Naxçıvan: Səlahiyyətli nümayəndə sahibkarlarla görüşüb

post-img

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. 

Səlahiyyətli nümayəndə sahibkarlarla 2023-cü il 9 fevral tarixli görüşü xatırla­daraq qeyd edib ki, məhz həmin görüşdə səsləndirilən təkliflər əsasında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət Proq­ramında logistikanın subsidiyalaşdırılması da Naxçıvanda həyata keçiriləcək iqtisadi islahatların tərkib hissəsi kimi nəzərdə tu­tulub. Bu istiqamətdə ötən dövrdə Azər­baycanda fəaliyyət göstərən beynəlxalq konsaltinq şirkəti ilə müəyyən məsləhət­ləşmələr aparılıb. 

Naxçıvanda gələcəkdə rəqabətədavam­lı və ixracyönümlü məhsul istehsalı üçün xüsusi gömrük, vergi güzəştlərinin tətbiq olunacağını diqqətə çatdıran Fuad Nəcəfli istehsal prosesində innovativ texnologi­yalardan istifadənin, kadr potensialının gücləndirilməsinin, sənədləşmənin qanun­vericiliyə uyğun aparılmasının, tenderlərdə fəal iştirakın vacibliyini vurğulayıb. Bildi­rilib ki, digər sahələr kimi sahibkarlıqda da kadr hazırlığı mühüm məsələdir. Kadrların formalaşdırılması, inkişafı üçün yeni ya­radılan “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin imkanlarından istifadə olun­malıdır. 

Görüşdə Naxçıvan Muxtar Respubli­kası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarların kredit, ixrac-idxal imkanları, Naxçıvan Baş Gömrük İdarəsi­nin rəisi Vüqar Əliyev qanunvericiliyə uy­ğun gömrük prosedurları barədə məlumat veriblər.

Sonda sahibkarları maraqlandıran su­allar cavablandırılıb, irəli sürülən təkliflər üzrə müzakirələr aparılıb.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Son xəbərlər