Bakıda iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssaslıqla yanaşan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondu İdarə Heyətinin 3-cü iclası öz işinə başlayıb. Qeyd edək ki, fondun təsis edilməsi barədə qərar COP27-də qəbul olunsa da, qurum indiyədək əməli fəaliyyət göstərməyib.
İtki və Zərərə Cavab Fondu İdarə Heyətinin sentyabrın 21-dək davam edəcək iclasında təşkilata Dünya Bankı sistemində maliyyə qurumu statusu verilməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların imzalanması gözlənilir.
Tədbirdə müxtəlif inkişaf səviyyəli ölkələr, BMT, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan, ümumilikdə, 200-ə yaxın nümayəndə iştirak edir. İclas zamanı fondun icraçı direktorunun təyin olunması nəzərdə tutulur. Toplantıda, həmçinin COP29 çərçivəsində dünya liderlərinin iqlim fəaliyyəti sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan itki və zərər üzrə maliyyə mexanizmlərinə dair yüksək səviyyəli dialoq ilə bağlı vacib məqamlar müzakirə ediləcək.
İclasda çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də fondun əməli fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.
COP29 ərəfəsində Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi fondun əməli fəaliyyətinin reallaşması istiqamətində mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu, ölkəmizə olan inam və etimadın göstəricisi olmaqla yanaşı, respublikamızın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin, eləcə də inkişaf etməkdə olan dövlətlərə, o cümlədən kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir.