Azərbaycanın “təmiz tikinti” üzrə beynəlxalq əməkdaşlığı genişlənir

post-img

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən aldığımız məlumata görə, komitənin sədri Anar Quliyevin Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) regional direktoru İnes Roçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanla IFC arasında “yaşıl” tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. 

Söhbət zamanı “yaşıl” tikinti sahəsində aparıcı qlobal təcrübənin ölkəmizdə öyrə­nilməsi və tətbiqi üçün korporasiyası ilə birgə növbəti addımların atılması zəruriliyi bildirilib. Eyni zamanda, görüşdə tikinti la­yihələrinin “yaşıllaşdırılmasını” və karbon emissiyasının minimuma endirilməsini təşviq edəcək müvafiq sertifikatlaşdırma işinin təşkili imkanları da önəmli müzakirə predmeti olub. 

IFC-nin Avropa üzrə regional direkto­ru bu təşəbbüsləri dəstəkləməyə hazır ol­duqlarını qeyd edərək, Azərbaycanın eko­loji cəhətdən təmiz tikinti materialları və aşağı karbonlu binaların təşviqi sahəsində səylərini yüksək qiymətləndirib. O, həm­çinin korporasiyanın dəstəyi ilə dünyanın 96 ölkəsində reallaşdırılan “yaşıl” bina la­yihəsi ilə bağlı qazanılan qabaqcıl təcrübə­ni Azərbaycanla da bölüşmək istədiklərini bildirib.

Xatırladaq ki, Azərbaycan son illərdə bərpaolunan enerji layihələrinin gerçəkləş­dirilməsinə mühüm önəm verir və bununla bağlı dünyanın nüfuzlu maliyyə qurumları ilə əməkdaşlığını genişləndirir. Respubli­kamızın Dünya Bankının (DB) üzvü olan IFC ilə münasibətlərində də bu məsələ pri­oritet istiqamət kimi diqqət çəkir. IFC-nin “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”ndə göstərildiyi kimi, 2040-cı ilədək Azərbay­can dəniz küləyindən enerji hasilatı üçün 7 QVt qoyuluş gücünə nail ola bilər. Bunun­la da ölkənin dekarbonlaşma və dayanıqlı iqtisadi artım kimi paralel prioritetlərinin icrası sürətlənər. 

Azərbaycanda ilk dəfə hazırlanmış dəniz külək enerjisi üzrə adıçəkilən Yol Xəritəsinin məqsədi dəniz külək energeti­kasına dünyada artan maraq şəraitində bu yeni sənaye ilə bağlı normativlər, hüquqi çərçivə və infrastrukturla bağlı qərarların verilməsinə yardım etməkdir. Yol Xəritə­sində dəniz külək energetikası potensialı­nın istifadəsi məqsədilə tədbirlər də təqdim edilir. Həmin tədbirlərin sırasına 2030-cu və 2036-cı illər üçün 200 meqavat gücündə pilot layihəsinin, sonra isə bu qəbildən olan daha iri təşəbbüslərin işlənib hazırlanması və rəqabətli müsabiqə şəraitində tikilmə­si, istifadəyə verilməsi, dəniz küləyi üçün yeni perspektivli sahələrin kəşf edilməsi, infrastrukturun modernləşdirilməsi, habelə dəniz külək energetikası sahəsində davam­lı layihələrin ardıcıllığını gerçəkləşdirmək üçün dövlət qurumlarında müvafiq bilik və bacarıqların artırılması daxildir.

Yeri gəlmişkən, təhlillərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus his­səsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələr­də 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilib. La­yihə çərçivəsində, eyni zamanda, dənizdə müvafiq layihələrlə bağlı investorların cəlbi, özəl sektorla tərəfdaşlığın müəy­yənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəklər nəzərdə tutulub. 

IFC-nin təqdim etdiyi “Azərbaycan­da dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”ndə ölkəmizdə 2050-ci ilədək karbon emissiyalarının 40 faizədək azaldılması qarşıya əsas vəzifə kimi qoyulur. Bununla da korporasiya həyata keçirilən və planlaşdırılan bərpa-olunan enerji layihələrinin respublikamı­zın qlobal enerji keçidi prosesinə milli sə­viyyədə töhfəsini gerçəkləşdirir. 

Beləliklə, IFC ölkəmizlə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xə­ritəsi çərçivəsində, eləcə də “Azərbaycan üçün Çevik Texniki Yardım Proqramının (AZTAF) enerji səmərəliliyi komponenti üzrə məsləhətçi xidmətlərinin göstəril­məsi”, “Azərbaycanın enerji sistemində bərpaolunan enerji güclərinin genişlən­dirməsinə dəstək” layihələri üzrə əmək­daşlıq edir. Eyni zamanda, 1862 MVt gü­cündə bərpaolunan enerji stansiyalarının şəbəkəyə inteqrasiyası məqsədilə elektrik enerjisi sisteminin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı hazırlanmasında səmərəli fəaliyyət göstərir. 

Azərbaycanın bərpaolunan enerji la­yihələrinin icrasını IFC daim dəstəkləyib. Energetika Nazirliyi ilə bu korporasiya arasında respublikamızda dənizdə külək enerjisi resursundan istifadə üzrə əmək­daşlığa dair 2021-ci il aprelin 14-də An­laşma Memorandumu imzalanıb. Sənəddə ölkəmizdə bərpaolunan enerji mənbələ­rindən istifadənin təşviqi, həmçinin ener­getika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlərin reallaşdırılması nəzərdə tutulub. 

Memoranduma əsasən, IFC ilə əmək­daşlıq Azərbaycanda dənizdə külək ener­jisi potensialının qiymətləndirilməsini və Yol Xəritəsinin işlənib hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilmə­si, yardımçı investisiyaların həyata keçiril­məsi kimi dəstəklər önə çəkilir. 

Bütün bu təşəbbüslərin gerçəkləşdi­rilməsinin nəticəsidir ki, son illər ərzində təkcə neft-qaz sektorunda deyil, həmçinin bərpaolunan enerji sahəsində də nəzərəçar­pacaq uğurlar əldə edilir. Bunun bir səbəbi vurğulandığı kimi, Azərbaycanın bu is­tiqamətdə beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlığı ilə bağlıdırsa, digər sə­bəbi ölkəmizin zəngin bərpaolunan enerji potensialına malik olması ilə əlaqədardır.

Ekologiya