Son vaxtlar dünya ölkələri arasında iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və tullantılar kimi 3 amilin törətdiyi planetar böhranı həll etmək naminə həmişəkindən daha sıx əməkdaşlığın yaranmasına xüsusi önəm verilir. Azərbaycanın COP29-a hazırlaşdığı indiki günlərdə bu məsələ daha çox diqqətdə saxlanılır. Keçirilən tədbirlərdə iqlim dəyişikliyi ilə əlaqədar problemlərin istixana effekti yaradan qazların emissiyasına təsiri də geniş müzakirə edilir. Meşə sahələrinin qorunması və yeni sahələrin salınması zəruriliyinə həssaslıqla yanaşılır. Çünki iqlim dəyişikliyinin mənfi təsirinə baxmayaraq, meşələr bu təsirləri karbon qazını tutma zonaları yaratmaqla azaldır. Ona görə də meşə təsərrüfatlarının problemlərinin həlli sahəsində ciddi işlər görülməsi qarşıya mühüm vəzifə kimi qoyulur.
Azərbaycan Texniki Universitetinin “Kimya texnologiya, təkrar emal və ekologiya” kafedrasının dosenti Nəcibə Şirinova bu barədə söhbətində ətraflı bəhs edərək bildirdi ki, Azərbaycan regionda ən az meşə sahələrinə malik olan ölkələrdən biridir. Ölkəmizdə meşə fondunun ümumi sahəsi 1 milyon 213 min hektardır. Meşə ilə örtülü sahələr isə 1 milyon 46 min hektardır ki, bu da respublika ərazisinin 12,08 faizini (Gürcüstanda 39 faiz, Ermənistanda 35 faiz) təşkil edir. Onun da 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.
Rəqəmlərdən də aydın olur ki, ölkəmizdə meşələrin indiki vəziyyəti ciddi narahatlıq doğurur. Belə ki, Azərbaycan ərazisindəki meşələr təsərrüfat məqsədli deyil. Lakin buna baxmayaraq, antropogen təsir nəticəsində meşəsizləşmə prosesi – insanlar tərəfindən meşələrin qırılması baş verir. Respublikada meşəsizləşmənin dəqiq başlanğıc tarixi bilinmir, onu arxiv materiallarından da arayıb tapmaq qeyri - mümkündür. Lakin ehtimal etmək olar ki, beş əsr öncə respublikamızın meşəlik faizi 40 – 50 faizdən aşağı olmayıb.
Nəcibə Şirinovanın sözlərinə görə, meşə təsərrüfatlarının problemlərinin həlli sahəsində ciddi işlər görülməlidir. Ölkə ərazilərində, xüsusilə də az meşəli və meşəsi olmayan aran rayonlarında meşəbərpa və qoruyucu meşə zolaqlarının həcmi bir neçə dəfə artırılmalıdır. Bu səbəbdən də respublikamızda təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməli, meşələrin rayonlaşdırılmış cinslər hesabına bərpası, keyfiyyətinin və məhsuldarlığının artırılması diqqət mərkəzində saxlanılmalıdır.
Böyük Qafqazın cənub yamacının şərq qurtaracağında meşəsizləşmə bütün dağ qurşaqlarında müşahidə olunur. Pirsaatçay hövzəsində yuxarı dağ – meşə qurşağı tamamilə sıradan çıxarılıb, orta dağ –meşə qurşağında yalnız sağ sahil yamacda qalıb. Qozluçay hövzəsinin meşəlik dərəcəsi 5 faizdən aşağıdır: burada orta dağ – meşə qurşağında kiçik sahələrdə güclü pozulmuş halda fıstıq və palıd meşəsi qalıb. Qozluçaydan şərqə Çikilçay və Çebotarçay hövzələri tamamilə meşəsizləşdirilib, yerində bozqırlar və törəmə tipli kolluqlar formalaşıb.
Kiçik Qafqaz dağlarının (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın) subalp zonasında və orta dağ – meşə qurşağında isə ərazinin relyefinin nisbətən sakit olması, dağarası çökəkliklərin mövcudluğu qədim zamanlardan bəri insanları özünə cəlb edib, yaşayış məntəqələri əsasən burada cəmləşib. Bununla əlaqədar Böyük Qafqazdan fərqli olaraq meşənin iqlim sərhədinin aşağı enməsində, orta dağ – meşə qurşağının meşəsizləşməsində maldarlıqla yanaşı, həm də əkinçiliyin inkişafı öz təsirini göstərib. Uzunmüddətli əkinçilik və maldarlığın təsiri nəticəsində meşə demək olar ki, heç harda öz təbii sərhədində qalmayıb, bir çox yerlərdə subalp tipli meşə tamamilə sıradan çıxarılıb, onu dağ çəmənləri, kolluqlar və ya qayalıqlar, daşlıqlar əvəz edib.
Nəcibə Şirinova söhbətinin sonunda dedi: –Qarabağ və Şərqi Zəngəzur işğal edilməzdən əvvəl bu ərazilər meşələrlə zəngin idi. Bu torpaqlarda nadir ağaclar bitirdi. Ermənistanın qəsbkarlığından sonra isə həmin meşələr ekoterrora məruz qaldı, nadir ağaclar kəsilərək daşındı. Qiymətli ağac növləri – qoz, palıd, Eldar şamı və xüsusi mühafizə altında olan digər ağaclar oduncaq tədarükü üçün qırılaraq mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparıldı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 260,3 hektar meşə fondu sahəsi olub. Həmin ərazilərin 228 min hektarı meşə ilə örtülü olub və onun 54 min hektarı ermənilər tərəfindən məhv edilib.
Ərazilər işğaldan azad edildikdə isə bədxah düşmənlərimiz meşələrə od vuraraq oranı tərk etdilər. Bununla əlaqədar bu zonada meşəlik faizi kəskin aşağı düşüb. Hazırda meşələrinin qoruyucu funksiyalarını yüksəltmək üçün onun seyrək sahələrinin bərpası (təbii bərpalar hesabına), meşə və örtülü olmayan sahələrində isə məhsuldar ağac və kollar hesabına yeni meşə massivləri yaradılır. Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilan rayonlarında meşə fondu sahələri genişləndirilir.
İndiyədək Zəngilan şəhərinin giriş hissəsində 55 hektar, Ağdam şəhəri yaxınlığında isə 11 hektar sahədə yerli torpaq iqlim şəraitinə uyğun yaşıllıq salınıb. Bərpa-doldurma tədbirləri çərçivəsində Zəngilan rayonundakı yaşıllıq sahəsində 9,4 min, Ağdam rayonunun yaşıllıq sahəsində 1,4 min Eldar şamı tingi əkilib. Meşə-bərpa işləri çərçivəsində isə Zəngilan rayonunda 42 hektar, Cəbrayıl rayonunda 15 hektar və Füzuli rayonunda 2 hektar ərazidə əkin və səpin işləri aparılıb. Cəbrayıl rayonunda 20 hektar ərazidə 6,2 min tingin əkilməsi ilə yeni yaşıllıq sahəsi salınıb.
Azərbaycanın digər ərazilərinə gəldikdə isə vaxtilə Kür çayı ölkəmizin ərazisində bütün uzunluğu boyu Xəzər dənizinə kimi tuqay meşələri ilə əhatə olunubmuş. Hazırda isə bu meşələrin yadigarlarına kiçik “ləkələr” şəklində rast gəlinir. Son zamanlar isə bu kimi meşə sahələrinin də sıradan çıxması təhlükəsi gözlənilir.
Aparılmış müşahidələr göstərdi ki, hazırda Şirvan şəhəri yaxınlığında, Kür qırağında yalnız bir neçə qurumaqda olan qovaq ağacı qalıb, ondan yuxarıdakı ərazilərdə isə qalan meşə sahələri yaxşı vəziyyətdə deyil.
Hazırda Kür-Araz çayları ətrafında Tuqay meşələrinin bərpası, rekonstruksiya yolu ilə cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçieilir, yeni meşələr salınır. Məqsəd bu ərazilərdə meşələrinin məhv olmasının qarşısını almaqdır.
Pünhan ƏFƏNDİYEV
XQ