“Yaşıl” gələcək sivilizasiyanın xilası deməkdir

post-img

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının –COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizin qlobal miqyasda güclü diplomatiyasının göstəricisi və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun yüksək səviyyədə özünütəsdiqinin ifadəsidir. 

Azərbaycan COP29-a evsahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliklə bağlı beynəlxalq aləmə böyük  töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, respublikamız artıq “yaşıl enerji” iqtisadiyyatını əməli fəaliyyəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını qətiləşdirib.

Azərbaycanda keçiriləcək belə bir nüfuzlu tədbirlə bağlı Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxsin qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru Həsən Babayev söhbətində dedi:  

– Bu ilin noyabr ayında keçiriləcək COP29 respublikamızın beynəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır, ölkəmizin baş verən proseslərə müşahidəçi yox, iştirakçı kimi qoşulduğunu dünyaya bir daha nümayiş etdirir. Bununla bağlı  məsuliyyətli məsələləri də Azərbaycan uğurla həll etməyə qadirdir.

İqlim dəyişikliyi baxımından planetimizin gələcəyi müzakirə ediləcək bu  beynəlxalq konfransın respublikamızda keçirilməsi, eyni zamanda, regional təhlükəsizlik, enerji keçidi və “yaşıl artım”la bağlı Azərbaycanın mövqeyinin bütün dünyaya təqdim olunmasıdır.

Bu məqamda diqqəti son vaxtlar dilimizdə tez-tez işlədilən “yaşıl” ifadəsinə  yönəltmək istəyirəm. Bu söz, belə demək mümkünsə, ali bitkilərin sinonimi kimi işlədilir. Çünki “yaşıl” təbiətdə hər şey deməkdir, tibbdə dərman preparatlarıdır, həmçinin ərzaqdır, qidadır, tikinti materialıdır, oksigendir, gözəllikdir, geyimdir, enerji materialı və eyni zamanda, təbii enerji istehsalçısı və toplayanıdır. Deməli, “yaşıl” həm də güclü iqtisadiyyatın yaradılması üçün ona açılan qapılardır. Bir sözlə, “yaşıl” gələcək sivilizasiyanın xilası deməkdir. 

Bu gün istifadə etdiyimiz yeraltı təbii karbohidrogen yataqları – neft, qaz, torf və başqa enerji birləşmələri milyon illər bundan əvvəlki bitkilər tərəfindən toplanıb   tədarük edilərək biz nəsillərə həyat mənbəyi kimi gəlib çatan Günəş enerjisidir. Günəş universal enerji mənbəyidir. Hazırda elə bir üsul, mexanizm, texnologiya yoxdur ki, o, Günəş enerjisini toplayıb saxlasın və gələcək nəsillərə ötürsün. Bu xüsusiyyət yalnız yaşıl bitkilərə mənsubdur. Bu mexanizmin adı fotosintezdir. Fotosintez zamanı yaşıl yarpaqlarda yerləşən xloroplastlarda olan xlorofil piqmenti Günəşdən axıb gələn fotonların-kvantların enerjisini tutmaq və enerjili birləşmələrin tərkibindəki rabitələrdə toplayıb saxlamaq xassəsinə malikdir. 

Kvant və fotonların isə enerjisi var, yükü yoxdur. Ozon qatını keçib, Yer üzərinə çatan fotonlar istənilən əşya, cisim, bitki, heyvan və s. ilə toqquşanda enerjisini onlara verib, özləri isə yox olurlar. Fotonların daşıdığı enerjini yalnız bitkilər toplayıb saxlaya bilirlər. Bundan kənarda olanlar isə belə xassəyə malik deyillər. Onlar Günəş şüaları altında olarkən enerjini udaraq qızır, qaranlıqda isə onu ötürərək soyuyurlar. 

Mən bu təbii imkandan səmərəli yararlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə respublikamızın bütün magistral yollarının sağ və solunda yaratdığı geniş meşə zolaqlarına görə təşəkkür edirən. Amma çatışmayan məsələlərə də toxunmağı vacib bilirəm. İyulun 7-də Gəncədən qayıdarkən magistralın Gəncə-Kürdəmir ərazisində, yolun hər iki tərəfində yüzlərlə  ağacın tam və ya qismən qurumasını müşahidə etdim. Bu, susuzluqdan, yaxud xəstəlikdən baş verə bilər. Bununla əlaqədar adıçəkilən nazirliyin mütəxəssislərinin belə mühüm məsələnin səbəbinin araşdırmalarını və ciddi tədbir görmələrini xahiş edirəm.

Yeri gəlmişkən, bu məqamda ictimaiyyətin diqqətini  Konstitusiyamızda  ekologiya ilə bağlı 3 maddəyə   cəlb etmək istəyirəm: Maddə 14. Təbii ehtiyatlar; maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ; maddə 78. Ətraf mühitin qorunması.

Həmçinin 1991-2009-cu illərdə ekologiyanın müxtəlif sahələrini əhatə edən 124 qanunun qəbul edilməsini, eləcə də 1996-2009-cu illərdə bu sahə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin 93 fərman imzalamasını da xatırlatmaq istərdim.    

Bütün bunlar isə o deməkdir ki, Azərbaycanda biomüxtəlifliyin mühafizəsi bir çox qlobal konvensiya və beynəlxalq hüquqi aktlarla tənzimlənir. Məsələn, köklərinin kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət haqqında konvensiya 1973-cü ildə Vaşinqtonda qəbul edilmişdir. Buna bənzər konvensiyalar digər problemlərlə bağlı olaraq da qəbul olunmuşdur.

İndi siz təsəvvür edirsinizmi “Yaşıl dünya” nə deməkdir?! “Yaşıl dünya” həyat deməkdir. Ona görə də biz mövcud yaşıllıqları qorumalı, eyni zamanda, yeni-yeni yaşıllıqlar salmalıyıq. “Yaşıl dünya” insan həyatının cövhəridir. Bizim hər birimiz Yer üzünün yaşıllıq örtüyünün əhatə dairəsinin böyüməsinə çalışıb, öz töhfəmizi verməliyik. Mübaliğəsiz deyirəm, cənab İlham Əliyevin 2024-cü “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün dünyaya “sülh ağacı”nın əkilməsinə çağırışıdır. Bu sərəncam və Azərbaycanda COP29-un keçirilməsi həm də bəşəriyyətin müharibələrdən, öldürücü silahlardan, susuz ərazilərin səhralaşması və şoranlaşmasından, təbii fəlakətlərdən xilas olmasının qlobal miqyasda çıxış yoludur. 

Yeri gəlmişkən, bu gün beynəlxalq ictimaiyyəti ciddi narahat edən iqlim dəyişikliyi problemi barədə də bəzi fikirlərimi diqqətə çatdırmaq istərdim.  Əvvəlcə deyim ki, qlobal iqlim dəyişikliyinin başlıca səbəbi bəşəriyyəti caynağına alan qadağan olunmuş silahlardır. Bu gün bütün dünya atmosferin, torpağın və suyun çirklənməsinə, istixana qazlarının yaranmasına qarşı barışmaz olmalıdır. Azərbaycan parnik effektini 2030-cu ilədək 1990-cı illə müqayisədə 35 faiz, 2050-ci ilədək 1990-cı illə müqayisədə 40 faiz azaltmağı hədəf kimi götürüb. Bütün bu sadaladıqlarım əsasında isə deyə bilərəm ki, Azərbaycan “Yaşıl dünya naminə həmrəylik ili”nə imza atmaqla həm də sülhsevər dövlət olduğunu nümayiş etdirib.   

Onu da bildirim ki, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli   “Yaşıl dünya naminə həmrəylik ili” sərəncamı ekologiyanın qorunması, təbii sərvətlərə qənaətlə yanaşılması, bərpaedilən  enerji resurslarından səmərəli istifadə olunması, yaşıllıqların salınması, qorunması, inkişafı və əhalinin maarifləndirilməsinə yönəlib.   

Bu məqamda tarixə də qısa bir baxış etmək istəyirəm. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyəti illərində park və xiyabanların salınması, ağac və kolların əkilməsi Bakının “daş libası”nı “yaşıl libas”la əvəzlədi. Hətta yadımdadır ki, paytaxtımıza  səfər edən xarici ölkələrin rəsmi nümayəndələri Bakıdakı dostluq parkında həmin ölkənin adından rəmzi olaraq xatirə ağacı əkirdilər. Bu, çox böyük təbliğat idi. 

Bəli, ağac, yaşıllıq  olan yerdə həyat var. Bu gün Prezident İlham Əliyev də bu bəşəri layihələri günün reallığı baxımından XXI əsrdə yeni bir platformada, novatorcasına beynəlxalq səviyyədə davam etdirir. 

Söhbəti hazırladı: 
Kəmalə ABDİNOVA 
XQ

 

Ekologiya