Maliyyə təşəbbüslərinə maraq artır

post-img

Azərbaycanın təşəbbüsü ilə COP29 ərəfəsində İqlim Maliyyəsi Fəaliyyəti Fonduna (CFAF) daxil ediləcək dağ-mədən şirkətlərinin payı dəqiqləşdirilir. Bu barədə mediaya açıqlamasında COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib. “Biz Azərbaycanda və dünyanın müxtəlif yerlərində olan qazıntı yanacağı istesal edən şirkətlərlə CFAF-a könüllü töhfələr haqqında danışıqlara başlamışıq. O cümlədən, artıq SOCAR, neft-qaz və kömür hasilatı sahəsində fəaliyyət göstərən digər özəl şirkətlərlə ətraflı müzakirələr  aparılır. Şirkətlərin səhmləri hələ müəyyənləşdirilməyib. Buna baxmayaraq, vəziyyət iqlim sammitinə qədər    aydınlaşacaq”, – Y.Rəfiyev qeyd edib.

COP29-un baş danışıqçısının sözlərinə görə, hazırda səhmlərin şirkətlərdən birdəfəlik ödəmələr, yoxsa şirkət gəlirlərindən ayırmalar olacağı ilə bağlı müzakirələr həyata keçirilir, bu məsələ üzrə ərəb, Avropa və Asiya şirkətləri ilə danışıqlar aparılır.

Artıq 10 ölkənin şirkətləri ilə CFAF sponsorları olmaq  razılaşdırılıb. Azərbaycanın bu təşəbbüsü isə cari il iyulun 19-da   Bakıda COP29 sədarətinin Fəaliyyət Planının təqdimatı zamanı təqdim olunub.

Xatırladaq ki, 1 milyard ABŞ dollar ilkin büdcəsi olan İqlim Maliyyəsi Fəaliyyəti Fondu inkişaf etmiş ölkələrə yardım, eləcə də istixana qazları emissiyasının azaldılması üzrə milli töhfələrin həyata keçirilməsi üzrə tədbirlər məqsədilə yaradılıb. Fond tərəfindən özəl sektora emissiyaları azaltmaq və iqlim dəyişikliyinin yümşaldılması üzrə tədqiqat və araşdırmalara yardım etmək   planlaşdırılıb. Bunun əsasən, qrant proqramları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.   

XQ

 

Ekologiya