Yaşıl çayın Altsheymer xəstəliyinə qarşı qoruyucu təsir göstərə biləcəyi məlum olub

post-img

Alimlər beynin qocalmış hüceyrələrində yaşlanmanı geri çevirə və zərərli zülal yığılmasını aradan qaldıra biləcək iki təbii birləşmə müəyyən ediblər.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, bu nəticələr Altsheymer xəstəliyinə qarşı dərmansız müalicə yanaşmasının mümkün ola biləcəyini göstərir. Söhbət nikotinamiddən (B3 vitamini forması) və epiqallokatexin qallatdan, yəni yaşıl çayın tərkibində olan güclü antioksidantdan gedir. Tədqiqat zamanı bu maddələrin sinir hüceyrələrində enerji istehsalı üçün əsas molekul olan GTP səviyyəsini bərpa etdiyi aşkarlanıb.

Müşahidələr göstərib ki, qocalmış sinir hüceyrələrinin bu maddələrlə 24 saat ərzində müalicəsi nəticəsində GTP səviyyəsi gənc hüceyrələrdəki normal göstəricilərə qayıdır. Enerji balansının bərpası isə neyronların özünü təmizləmə funksiyasını aktivləşdirərək, Altsheymerin əsas əlamətlərindən biri sayılan amiloid zülal yığıntılarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

Alimlər bildirirlər ki, bu tətbiq üsulları ilə bağlı əlavə araşdırmalara ehtiyac olsa da, nəticələr yaşla bağlı yaddaş zəifləməsi və Altsheymer xəstəliyinə qarşı beyin enerji sistemlərini dəstəkləyən yeni yanaşmanın ümidverici ola biləcəyini göstərir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya