Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyi (“Frontex”) miqrantların Afina tərəfindən qeyri-qanuni geri qaytarıldığına dair 12 hadisəni araşdırır.
AZƏRTAC xəbər verir ki, “Politico” qəzetinin məlumatına görə, araşdırılan işlərin əksəriyyəti Yunanıstanın immiqrasiya xidmətləri tərəfindən quru və dəniz sərhədlərindən minlərlə insanın qovulması ilə bağlıdır.
“Frontex” bunun BMT-nin Qaçqınlar Konvensiyasına və beynəlxalq hüquqa zidd olduğunu əsas gətirərək Yunanıstanı maliyyələşdirməyi dayandırmaqla hədələyib. Agentliyin nümayəndəsi Kris Borovski Yunanıstandan bütün tövsiyələri yerinə yetirəcəyini gözlədiklərini, əks halda birgə layihələr çərçivəsində ölkəyə ayrılan vəsaitin azaldıla biləcəyini söyləyib.
Nəşrin məlumatına görə, 2025-ci ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Afinanı miqrantları qeyri-qanuni və sistematik şəkildə ölkədən çıxarmaqda və deportasiya prosesində insan hüquqlarını pozmaqda təqsirkar bilib.
Qeyd edək ki, son zamanlar Yunanıstan Yaxın Şərq, Asiya və Afrikadan Avropaya keçməyə çalışan miqrantlar üçün tranzit ölkəyə çevrilib. Hər il minlərlə miqrant və qaçqın Türkiyə sahillərindən dəniz yolu ilə Yunanıstana, oradan isə digər Avropa ölkələrinə gedir.